Fəzail Ağamalı: “Azərbaycanı ərəb ölkələri ilə müqayisə etməyin heç bir əsası yoxdur” - AÇIQLAMA

Fəzail Ağamalı: “Azərbaycanı ərəb ölkələri ilə müqayisə etməyin heç bir əsası yoxdur” - AÇIQLAMA
"Ərəb ölkələrində baş verən hadisələrin ölkəmizdə baş verməsi mümkün deyil". Bu sözləri Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı SİA-ya açıqlamasında deyib. O bildirib ki, müxalifət mövqeyində dayanan kütləvi informasiya vasitələri və onları himayə edənlər bu cür müqayisələr aparmaq istəsələr də bu, uğursuz müqayisələrdir. Çünki bu gün ərəb dünyasının ayrı-ayrı ölkələrində baş verən hadisələri doğuran şərtlər, iqtisadi-sosial amillər, səbəblər tamamilə fərqlidir. Millət vəkili vurğulayıb ki, Azərbaycanda kütləvi iğtişaşlar üçün hətta ilkin sosial-iqtisadi amillər belə yoxdur.

"Düzdür bizdə də bu və ya digər istiqamətlərdə müəyyən problemlər var. Bu gün əhalinin 9 faizi hələ də yoxsulluq içərisindədir. Lakin vaxtilə bu rəqəm 40 faiz idi. Yoxsulluğun aradan qaldırılması üçün ölkə prezidenti tərəfindən mühüm işlər görülür. Eyni zamanda etiraf etmək lazımdır ki, bizdə də rüşvət və korrupsiya faktları var. Lakin buna qarşı da dövlətin iradəsi ortalıqdadır. Bu yaxınlarda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılığı ilə korrupsiya ilə bağlı keçirilən müşavirədə ayrı-ayrı qurumlarda buraxılan nöqsanlar önə çəkildi. Həmin müşavirədən qeyd götürən nazirlər bu gün buna dair konkret addımlar atmaqdadırlar. Mənə elə gəlir ki, bu proses bundan sonra da sürətlə davam edəcək və ölkədə əhalini narazı sala biləcək neqativ amillər aradan qaldırılacaq ", - deyə millət vəkili qeyd edib.

Azərbaycanın digər ərəb ölkələri ilə müqayisə etməyin heç bir əsası olmadığını dilə gətirən F.Ağamalı bildirib ki, bu cür müqayisə aparanların əsas məqsədi ölkədə fırtına yaratmaq olsa da, bu düşüncələr konkret olaraq Azərbaycanda gedən proseslərlə uyğunlaşmır.

Bu cür hadisələrin Azərbaycanda baş verməyəcəyinə əminliyini bildirən millət vəkili vurğulayıb ki, Azərbaycan xalqı unutmamalıdır ki, zərrə qədər ehtiyatsız hərəkət, qarşıdurma bu gün işğal olan ərazilərdə Ermənistanın möhkəmlənməsinə və onun təcavüzkar siyasətinin daha da güclənməsinə gətirib çıxara bilər: "Bu gün Azərbaycan dövləti xalqla birlikdədir. Ölkə prezidenti və onun fəaliyyəti xalqın güzəranın yaxşılaşdırılmasına, ölkəmizin sosial-iqtisadi səviyyəsinin güclənməsinə, beynəlxalq aləmdə nüfuzunun artmasına köklənib və bu istiqamətdə ardıcıl işlər aparılır".

Bütün xəbərlər Facebook səhifəmizdə