Ümumi təhsilin müasir standartlar istiqamətində inkişafına zəmin yaradılıb

Ümumi təhsilin müasir standartlar istiqamətində inkişafına zəmin yaradılıb

Dövlət başçısının "Ümumi təhsil haqqında" Qanununun tətbiqi barədə imzaladığı Fərman ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir

Azərbaycanda elmin inkişafı və təhsil sahəsinin beynəlxalq standartlar səviyyəsində qurulması dövlət siyasətinin öncül istiqamətlərindəndir. Cənab İlham Əliyev Prezidentlik fəaliyyətinin ilk illərində "Neft kapitalını insan kapitalına çevirməliyik!" devizi altında təbii resurslara əsaslanan iqtisadiyyatdan biliklər iqtisadiyyatına keçidi ölkənin strateji hədəfi elan etməsi əbəs deyildi. Qeyd etdiyimiz zaman məsafəsində təhsil müəssisələrinin müasir informasiya və elmi-metodiki təminatı, təhsil infrastrukturunun yenilənməsi məqsədi ilə dövlət proqramları qəbul edilmiş və layihələr həyata keçirilmişdir. Son illərdə reallaşdırılan infrastruktur layihələri çərçivəsində tikilən, əsaslı təmir edilən üç mindən artıq təhsil müəssisələrində sinif otaqlarının kompüterləşdirilməsi, müasir avadanlıqlarla təchiz olunması məktəblilərin təhsilinə müsbət təsirini göstərir. Ümumiyyətlə, Azərbaycan təhsilini beynəlxalq standartlara uyğunlaşdırmaq üçün atılan addımlar, onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin "qara qızıl"ın insan kapitalına çevrilməsi çağırışı uğurla reallaşmaqdadır.
Görülən işlərin davamı olaraq, Azərbaycan Prezidenti "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə 27 may tarixində Fərman imzalayıb. Həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti altı ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb, dövlət başçısına təqdim edəcək.
Ümumi təhsil haqqında Azərbaycan Respublikası qanunvericiliyinin əsas məqsədi vətəndaşların ümumi təhsil sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş təhsil hüququnu təmin etməkdən, ümumi təhsil prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibətləri tənzimləməkdən və ümumi təhsilin təşkilati-hüquqi bazasını yaratmaqdan ibarətdir.
Qanunda ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərinin humanistlik, bərabərlik, inteqrasiya, keyfiyyətlilik, varislik kimi dəyərlər olduğu qeyd olunur. Ümumi təhsil sahəsində dövlət siyasətinin əsas istiqamətləri sırasında ümumi təhsilin məzmununun fərdin, cəmiyyətin və dövlətin tələblərinə, elmi-texniki tərəqqinin inkişafına çevik uyğunlaşdırılması dayanır. Dövlət hər bir vətəndaşın ümumi təhsil alması üçün müvafiq şərait yaradılmasına təminat verir və ümumi təhsilin hər hansı səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Ümumi təhsilin inkişafı üçün stimullaşdırıcı tədbirlərin tətbiqi, ümumi təhsilin müasir infrastrukturunun yaradılması və davamlı inkişafının təmin edilməsi nəzərdə tutulur. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa ümumi təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Ümumi təhsil haqqında Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi təhsilin müasir standartlar istiqamətində inkişafına zəmin yaradacaq. Bu qanunun qəbulu ümumtəhsil haqqında bütün məsələləri özündə cəmləşdirib. Qanunun bir neçə maddəsində istedadlı şagirdlərin stimullaşdırılması ilə bağlı çox ciddi məqamlar da öz əksini tapıb.
Qanunun 1-ci fəsli ümumi müddəalardan, 2-ci fəsli ümumi təhsilin təşkilindən, 3-cü fəsli ümumi təhsil sisteminin idarə olunması, təhsil subyektlərinin hüquqları, vəzifələri və sosial müdafiəsindən, 4-cü fəsli ümumi təhsilin iqtisadiyyatından, 5-ci fəsli isə yekun müddəalardan ibarətdir. Bu Qanun ölkəmizdə ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə