Səfir Əbdül Həmid: “Pakistan hələ də Ermənistanı dövlət kimi tanımır”-MÖVQE
Bu gün Pakistanın Azərbaycandakı səfiri Əbdül Həmid 5 Fevral Kəşmir Həmrəylik günü münasibəti ilə mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, səfir Kəşmir ətrafında baş verən hadislərlə bağlı geniş məlumat verib. O, 60 ildən çox təzyiqlərə məruz qalan, BMT Nizamnaməsində və qurumun müvafiq qətnamələrində öz həllini tapan Kəşmir xalqınının fundamental hüquqları və öz müqəddaratını həll etmək hüququnun hələ də yerinə yetirilmədiyini deyib: "Kəşmirin işğalı zamanı 93 min insan həyatını itirib, 105 min ev viran edilib, 107 min uşaq yetim qalıb, 10 minlərlə qadın zorlanıb. Bu rəqəmləri biz yox, məhz beynəlxalq qurum və təşkilatlar tərəfindən hazırlanan hesabatlarda göstərilib. Eyni zamanda 2 milyona yaxın insan evlərindən qovulub. Onların 1.5 milyonu Pakistanda, 5 yüz mini isə digər dövlətlərdə yaşayırlar".
Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir bildirib ki, Pakistan və Azərbaycan eyni problemi yaşayırlar: "Kəşmir və Dağlıq Qarabağ problemləri arasında çox böyük paralellər və oxşarlıqlar var. Bu problemlər ərazilərimizin digər dövlətlər tərəfindən işğal olunması, insan haqlarının pozulması, bununla bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsidir".
Ə. Həmid qeyd edib ki, Azərbaycanla Pakistan bu problemlərlə bağlı BMT, İslam Konfransı Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatında çiyin-çiyinə duraraq, daim bir-birini dəstəkləməlidir: "Biz münaqişələrin ədalətli həllinin tərəfdarıyıq. BMT-də Dağlıq Qarabağla 4, Kəşmirlə bağlı 6 qətnamə olsa da bu qətnamələr yerinə yetirilmir. Münaqişələrin həlli üçün BMT-də mütləq qəbul olunan qətnamələri icra edən mexanizmlər olmalıdır."
"Müharibə başlayacağı təqdirdə Pakistan Azərbaycana hərbi yardım edəcəkmi?" sualına cavabında səfir: " Bildiyiniz kimi, Azərbaycanla Pakistan hərbçiləri birgə hərbi təlimlərdə iştirak edirlər. Lakin biz münaqişələrin sülh yolu ilə tərəfdarıyıq. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrləri məşğul olur. Ümidvaram ki, münaqişə qısa müddət ərzində və sülh yolu öz həllini tapar. Amma eyni zamanda bildirim ki, Pakistan hələ də Ermənistanı dövlət kimi tanımır. Onlar bu barədə bizdən soruşanda biz birmənalı şəkildə deyirik ki, siz Dağlıq Qarabağı Azərbaycana qaytarın, ondan sonra biz sizin müstəqilliyinizi tanıyaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB