Qənirə Paşayeva: "Əgər Ermənistan nümayəndə heyəti Alt komitənin iclasında iştirak etməsə bu onların özlərinə böyük ziyan olacaq"
"Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Ermənistan nümayəndə heyətinin Dağlıq Qarabağla bağlı Alt Komitənin iclasında iştirak edib- etməməsi öz məsələsidir. Amma onlar bu komitənin iclasında iştirak etməsələr, bu onların özlərinə böyük ziyan olacaq". Bunu SİA-ya açıqlamasında Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib. Onun sözlərinə görə, əgər Ermənistan nümayəndə heyətinin üzvləri komitənin iclasında iştirak etməkdən imtina etsə, qurum yenə də rəsmi İrəvanın münaqişənin tənzimlənməsində nə qədər maraqlı olduğunun şahidi olacaq: "Doğrudan da onlar münaqişənin həllində heç bir addım atmaq istəmirlər. Ermənistan nümayəndə heyətinin üzvləri Dağlıq Qarabağla bağlı Alt Komitənin iclasında iştirak etməsələr özlərinin bir daha iç üzlərini açıq göstərmiş olacaqlar. Amma mən hesab etmirəm ki, bunların bu cür özbaşına qərarlarına qurum sadəcə seyrçi qalsın. Mən əminəm ki, Ermənistan nümayəndə heyəti bu addımı atsa, bu Ermənistanın özünə zərər olacaq və təbii ki, Parlament Assambleyasının rəhbərləri və millət vəkilləri tərəfindən mənfi qarşılanacaq. Təbii ki, bu halda bilinəcək ki, Azərbaycan olaraq münaqişənin tənzimlənməsini istəyən tərəf kimdir, Ermənistan olaraq münaqişənin tənzimlənməsini istəməyən, işğalını davam etdirən, regionda gərginliyi davam etdirən tərəf kimdir. Seçim onların özlərinindir".
Millət vəkili eyni zamanda bildirib ki, AŞPA-dakı Ermənistan nümayəndə heyətini narahat edən əsas amil isə Dağlıq Qarabağla bağlı Alt Komitənin icraata götürdüyü məsələdir: "Komitənin götürdüyü icraatda AŞPA-nın 14 və 16 saylı qətnaməsi öz əksini tapıb. Belə ki, bu qətnamədə birmənalı olaraq qeyd olunub ki, Ermənistan işğal etdikləri Azərbaycan ərazilərindən geri çəkilməli və azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına dönməlidir. Eyni zamanda, bu qətnamənin necə həyata keçirilməsinə nəzarəti isə Dağlıq Qarabağla bağlı Alt komitə icraata götürüb. Məhz bu zəmində onlar Alt komitənin yaranmasına qarşı çıxırdılar. Lakin bu məsələni Azərbaycan nümayəndə heyəti olaraq qurumun hər bir sessiyasında mütəmadi gündəmdə tuturduq. Bu çox bir vacib məsələ idi ki, Alt komitə yenidən fəaliyyətə başlasın. Gördüyünüz kimi komitənin yenidən bərpası ona görə lazımdır ki, mütəmadi olaraq münaqişə gündəmdə olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB