Lerik şəhərinin su təchizatı yaxşılaşdırılacaq

Lerik şəhərinin su təchizatı yaxşılaşdırılacaq

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Lerik şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması nəzərdə tutulub.

SİA-nın cənub bürosunun məlumatına görə, Azərbaycan Respublikası ikinci Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi çərçivəsində Lerik şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı Lerik rayonunda ictimaiyyətlə məsləhətləşmələr üzrə geniş yığıncaq keçirilib.

Yığıncaqda layihənin təqdimatı, layihənin texniki əhatə dairəsi, layihənin tikintisi dövründə ətraf mühitə təsirləri geniş müzakirə olunmuş, yığıncaq iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Tədbirdə Dünya Bankının bu layihə üzrə eksperti Abdurrahim Tan və digər mütəxəssislər, rayon icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Habil Məlikov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə