Elnur Aslanov: “Xocalı soyqırımı ilə bağlı dünya ölkələrinin parlamentlərinə məktublar ünvanlanacaq”

Elnur Aslanov: “Xocalı soyqırımı ilə bağlı dünya ölkələrinin parlamentlərinə məktublar ünvanlanacaq”

"Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Xocalı soyqırımının on doqquzuncu ildönümünün keçirilməsinə dair tədbirlər planını təsdiq edib. Bununla bağlı artıq geniş tədbirlərin keçirilməsi planlaşdırılıb. Eyni zamanda qlobal şəbəkələrdə də soyqırımla bağlı təbliğat aparılacaq. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının (PA) Siyasi analiz və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib. O bildirib ki, bu il Twitter, Facebook kimi digər sosial şəbəkələrdə də Xocalı soyqırımı ilə bağlı çox geniş müzakirələr aparılacaq: "Təbii ki, elektron poçt vasitəsi ilə dünya ölkələrinin parlamentlərinə və müxtəlif qurumlarına Xocalı soyqırımı ilə bağlı məktublar ünvanlanacaq. Bu da gənclərimizin təşəbbüsü ilə həyata keçirilir. Eyni zamanda Xocalı soyqırımı günü bir neçə həftə öncə ingilis dilində türk rejissorları tərəfindən çəkilmiş Xocalı qaçqınları haqqında filmin təqdimatı keçiriləcək. Bundan başqa ingilis, erməni, Azərbaycan və rus dillərində Qarabağ problemi haqqında bir neçə sayt işıq üzü görəcək".

 

Qeyd edək ki, bu gün Qafqazın Strateji Tədqiqatlar İnstitutu tərəfindən yenidən nəşr olunmuş Vasili Veliçkonun "Kavkaz. Russkoe delo i mejduplemennıe voprosı" (Qafqaz. Rus işi və tayfalararası məsələlər) adlı kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində çıxış edən Prezident Administrasiyasının Siyasi analiz və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov kitabın dərc olunmasının vacibliyini bildirib. O, qeyd edib ki, 1904-cü ildə nəşr olunan bu kitab Cənubi Qafqazda baş verən dramatik hadisələrə, orada yaşayan xalqların xüsusiyyətlərinə, bu regionun Rusiya üçün nə qədər əhəmiyyətli olmasına həsr edilib. Elnur Aslanov kitabın yaxın vaxtlarda Rusiyada da çap olunacağını, ingilis dilinə tərcümə edilərək dünyada yayılacağını söyləyib.

 

Tədbirdə çıxış edənlər rusiyalı tədqiqatçının bir çox məsələlərdə obyektiv mövqe tutduğunu, ermənilərin Qafqaza köçürülməsi, islamın dəyərləndirilməsi kimi məsələlərdə çox obyektiv olduğunu söyləyiblər. Eyni zamanda vurğulanıb ki, Vasili Veliçko hələ 20-ci əsrin əvvəllərində erməni lobbisinin dünyaya təhlükə olduğunu göstərib və Rusiyanın Cənubi Qafqazda düzgün siyasət aparması üçün bu araşdırmanı həyata keçirib və öz tövsiyələrini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə