Gəncə gənclərinin “sarayı” - FOTOSLAYD

Gəncə gənclərinin “sarayı” - FOTOSLAYD

Pəncərələri sınıq, döyüş meydanını xatırladan bina hər ilin 2 fevral Gənclər Günündə yada düşür. Qısa arayış verək ki, ürək ağrıdıcı mənzərənin hökm sürdüyü bina 1980-ci illərin sonlarında Gəncə şəhərində yaşayan gənclər üçün elə Gənclər Sarayı adı ilə tikilib. Fəaliyyətə başladıqdan sonra aidiyyəti qurumların heç bir rəsmisi binanın sonrakı aqibəti ilə maraqlanmayıb. Nəticədə Gəncənin Gənclər Sarayı biabırçı kökə düşüb.

Təxminən 500-dən artıq tamaşaçı tutumuna malik Gənclər Sarayı 10 ildən çoxdur ki, yararsız vəziyyətdədir. Qırıq pəncərələr, yağış sularının yaratdığı fəsadlar, çürüyən döşəmələr ölkənin ikinci böyük şəhərinin yeganə Gənclər Sarayının bugünkü aqibətidir.

Şəhərin ən görkəmli yerində ucaldılan binanın biabırçı vəziyyətini aidiyyəti qurumların rəhbərləri görmək istəmirlər. Üstəlik, yetişməkdə olan nəsil Gəncələr Sarayının harada olmasından belə xəbərsizdir. Məsələyə münasibət bildirən Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Mövsüm Hüseynovun SİA-ya verdiyi məlumata görə, bina Mədəniyyət və Turizim Nazirliyinin balansında olsa da, binanın təmirinə Gənclər və İdman Nazirliyi cavabdehdir. Odur ki, adıçəkilən qurum Gənclər və İdman Nazirliyinin tikinti şöbəsinə binanın təmiri üçün müraciət edib.

Hər halda ümid edək ki, 2012- ci ildə Gəncədə 2 fevral Gənclər Günü elə gənclərin sarayında qeyd ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə