Musa Pənahov: “Qiymətlərin özbaşına artımına yol verilməyəcək" - MÖVQE

Musa Pənahov: “Qiymətlərin özbaşına artımına yol verilməyəcək" - MÖVQE

Azərbaycan Nəqliyyat Nazirliyi Tarif Şurasına ictimai nəqliyyatla sərnişindaşıma üçün tariflərin artırılması ilə bağlı müraciət etməyib. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında nəqliyyat nazirinin müavini Musa Pənahov deyib. Nazir müavini dəmir yolunda tariflərin artması ilə əlaqədar olaraq avtobuslarda da gediş haqqının qaldırılacağı, eləcə də avtomobil daşımalarında qiymətlərin özbaşına olaraq qaldırılacağı ilə bağlı məlumatları təkzib edib: "Özbaşına artımlara yol verilməyəcək. Nəqliyyat Nazirliyinin müvafiq qurumları bu məsələyə nəzarət edir. Bu, tənzimlənən qiymətlərdir, ona görə də bu sahəyə dövlətin nəzarəti var. Özbaşına artım ola bilməz".

 

Dəmir yolu ilə sərnişindaşımaların qiymətlərinin qalxması şəraitində avtobuslarla daşımaların həcminin mümkün artımı məsələsinə toxunan nazir müavini qeyd edib ki, belə hallarda avtobusların sayı artırılır. Nazir müavinin fikrincə, dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma üçün tariflərin artırılması lazımi qərar idi, çünki dəmir yolu ilə daşımaların qiymətlərinə 1997-ci ildən bəri baxılmayıb. Yeni tariflər fevralın 1-dən qüvvəyə minib və istiqamətdən, məsafədən asılı olaraq adi qatarlarda 3-19 manat, sürətli vaqonlarda 14-25 manat məbləğində müəyyənləşdirilib: "Sərnişindaşıma bütün ölkələrdə zərərlə işləyən sahədir, amma əsas məqsəd bu zərərin müəyyən qədər azaldılması və əldə edilən gəlirin xidmətin səviyyəsinin artırılmasına yönəldilməsidir. Tarif Şurasının qərarı əsasında sərnişindaşımalar üçün tariflər orta hesabla iki dəfə bahalaşıb. Tariflərin artırılmasından əldə olunan əlavə vəsaitlər sərnişindaşımaların keyfiyyətinin artırılmasına, xüsusilə vaqonların təmirinə, sərnişinlər üçün rahat şəraitin yaradılmasına və yataq dəstlərinin təzələnməsinə yönəldiləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə