AŞPA Monitorinq qrupunun Azərbaycan üzrə həmməruzəçiləri Ombudsman və MSK sədri ilə görüşüblər

AŞPA Monitorinq qrupunun Azərbaycan üzrə həmməruzəçiləri Ombudsman və MSK sədri ilə görüşüblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova AŞPA Monitorinq qrupunun Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramuntu ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə həmməruzəçilər müvəkkilin insan hüquqları sahəsində fəaliyyəti, jurnalistlərin, o cümlədən Eynulla Fətullayevin vəziyyəti və hüquqlarının müdafiəsi ilə maraqlanıblar. Onlar gənc bloqqerlərin azadlığa buraxılmasını müsbət qiymətləndiriblər. E. Süleymanova digər hüquqlarla yanaşı, media hüquqlarının da müdafiəsinin müvəkkil tərəfindən nəzarətdə saxlanıldığını söyləyib. Törətdikləri əmələ və müvafiq qanunvericiliyə uyğun, habelə hüquq pozuntusuna yol vermiş KİV nümayəndələrinin cəzalandırılması üzrə dünya təcrübəsində mövcud olan alternativ üsullarla və onların əfvi ilə bağlı təkliflər verildiyi diqqətə çatdırılıb.

Eyni zamanda Azərbaycanda səfərdə olan AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex MSK sədri Məzahir Pənahovla görüşüblər. Görüşdə 2010-cu il noyabrın 7-də keçirilmiş parlament seçkiləri əsas müzakirə mövzusu olub. MSK sədri seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı seçki qurumlarının həyata keçirdiyi tədbirlər barədə hərtərəfli məlumat verib, seçicilərin aktiv seçki hüquqlarının reallaşdırılması üçün bütün şəraitin yaradıldığını diqqətə çatdırıb.

Daha sonra nümayəndə heyəti ilə söhbət zamanı əsasən seçki kampaniyası dövründə namizədlərə yaradılmış bərabər təşviqat imkanları, şikayətlərə və müraciətlərə baxılması, namizədlərin qeydiyyatı, seçki günü ilə bağlı məsələlər müzakirə edilib. Görüşdə həmçinin MSK-nın beynəlxalq təşkilatlarla əməkdaşlığı və bunun sayəsində əldə olunan nailiyyətlər haqda da danışılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə