Elman Məmmədov: “İşğal olunmuş ərazilərlə bağlı qanunun qəbuluna da ehtiyac yoxdur”

Elman Məmmədov: “İşğal olunmuş ərazilərlə bağlı qanunun qəbuluna da ehtiyac yoxdur”

"Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı istər prezident, istərsə də Xarici İşlər Nazirliyi səviyyəsində keçirilən görüşlərlə bağlı kifayət qədər məlumat alır". SİA-ya açıqlamasında bu sözləri millət vəkili Elman Məmmədov Milli Məclisinin dünənki iclasında həmkarı İqbal Ağazadənin səsləndirdiyi təklifə münasibət bildirərkən deyib.

 

Qeyd edək ki, Azərbaycan parlamentində on ildir, Dağlıq Qarabağ məsələsi ilə bağlı müzakirənin aparılmadığını deyən İ.Ağazadə həm xarici işlər, həm də müdafiə nazirlərinin mövcud vəziyyətlə bağlı parlamentə dəvət olunmalı olduqlarını bildirib. O, qeyd edib ki, sözügedən nazirlər millət vəkillərinə hesabat verməlidirlər.

 

E.Məmmədov hesab edir ki, cəmiyyətə danışıqlarla bağlı nə qədər məlumat vermək mümkündürsə, o qədər də verilir. Millət vəkili eyni zamanda, məsələnin Milli Məclisdə müzakirə edilməsinə qarşı olmadığını da vurğulayıb: "Mən də bir vətəndaş kimi, millət vəkili kimi istəyirəm ki, məsələ Milli Məclisin gündəliyində də olsun. Amma danışıqlar elə istiqamətdə aparılır ki, danışıqlarla bağlı nə qədər informasiya açıqlanmağa icazə verilirsə, o qədər məlumat verilir. Elə məsələlər var ki, prezidentlər arasında qalır. Elə məsələlər var ki, sırf xarici işlər nazirləri səviyyəsində qalır. Beynəlxalq danışıqların elə prosedur qaydaları var ki, danışıqlarda müəyyən nəticə əldə olunana qədər ictimaiyyətə məlumat verilmir. Qarabağdan olan bir millət vəkili kimi mən də tərəfdarı olmuşam ki, məsələ parlamentdə müzakirə edilsin, Dağlıq Qarabağla bağlı bir komitə yaradılsın".

 

Millət vəkili vurğuayıb ki, işğal olunmuş ərazilərlə bağlı qanunun qəbuluna da ehtiyac yoxdur. Xatırladaq ki, Milli Məclisin dünənki iclasında millət vəkili Qüdrət Həsənquliyev təklif edib ki, işğal olunmuş ərazilərlə bağlı qanun qəbul olunsun.

Bütün xəbərlər Facebook səhifəmizdə