Səfir: "İordaniyada vəziyyət tam sabitdir, ölkədə heç bir təlatüm, kütləvi iğtişaş və qarətlər baş vermir"

Səfir: "İordaniyada vəziyyət tam sabitdir, ölkədə heç bir təlatüm, kütləvi iğtişaş və qarətlər baş vermir"

Azərbaycanın İordaniyadakı səfiri E.Araslı son bir neçə gün ərzində bəzi mətbu orqanları və televiziya kanalları tərəfindən bu ölkədə iğtişaşların və davamlı kütləvi aksiyaların baş verməsi barədə yayılmış xəbərləri şərh edib.

SİA-nın xəbərinə görə, diplomat bildirib ki, bu məlumatlar həqiqəti əks etdirmir. Azərbaycan KİV-lərindən də səfirliyə zənglər olur və jurnalistlər ölkədəki iğtişaşlar, burada yaşayan azərbaycanlıların vəziyyəti, onların həyatları üçün yarana biləcək təhlükə və digər məsələlərlə bağlı suallar verirlər. İordaniyada vəziyyət tam sabitdir, ölkədə heç bir təlatüm, kütləvi iğtişaş və qarətlər baş vermir. Hakimiyyət ölkədəki vəziyyətə tam nəzarət edir.

Azərbaycanın İordaniyadakı səfirliyi öz işini adi qaydada davam etdirir. Səfirliyin əməkdaşlarının və onların ailə üzvlərinin, habelə bu ölkədə yaşayan azərbaycanlıların həyatlarına heç bir təhlükə yoxdur. Paytaxtın küçələrində, mühüm dövlət obyektlərinin qarşısında mühafizə adi rejimdə çalışır. Hava limanları normal rejimdə işləyir, turistlərin ölkəyə gəlişi davam edir. Bir neçə həftədir ki, yalnız cümə günləri xütbədən sonra bir qrup insan dinc aksiyalar keçirərək öz tələbləri barədə şüarlar səsləndirir. Bir neçə saatdan sonra isə onlar əmin-amanlıqla dağılışırlar. Bu şəxslərin narazılığı ölkənin siyasi rejiminə və hakim sülaləyə qarşı deyil, əsasən hökumətə qarşı yönəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə