Ölkəmizdə həyata keçirilən iri layihələr xoşbəxt gələcəyimizə hesablanıb


"ASAN Xidmət"ə 29 milyonuncu vətəndaşın müraciətinin qeydə alınması milyonlarla insana bürokratiyasız, korrupsiyasız və rahat xidmətin təzahürüdür

Müasir dövrümüzdə "ASAN Xidmət" dünyaya nümunə olan modeldir. Azərbaycan Prezidenti İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində həyata keçirdiyi islahatların tərkib hissəsi olan "ASAN Xidmət" dövlət və özəl xidmətlərin vahid məkandan innovasiyaların tətbiqi ilə vətəndaşlara çatdırılması sahəsində uğurlara səbəb olub. Məhz göstərilən yüksək xidmətin nəticəsidir ki, "ASAN Xidmət"ə 29 milyonuncu vətəndaşın müraciəti qeydə alınıb. Cari ilin 13 fevral tarixində 27 milyonuncu müraciət qeydə alınmışdısa, bu gün 29 milyonuncu vətəndaşın müraciətinin qeydə alınması mərkəzlərdə milyonlarla insana xidmətin bürokratiyasız, korrupsiyasız, rahat və mədəni şəkildə xidmətin təzahürüdür.
Hazırda ölkəmizdə 15 "ASAN Xidmət" Mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, regionlarda 10 səyyar "ASAN Xidmət" avtobusu və səyyar "ASAN Qatar" vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir. Həmçinin, Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Kommunal" mərkəzi də fəaliyyətdədir.

"ASAN XİDMƏT"İN BƏYƏNMƏ ƏMSALI 100 FAİZƏ YAXINDIR"

Bu gün ölkəmizdə mərkəzlərin sayı artmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirib ki, bu il bölgələrdə beş "ASAN Xidmət" Mərkəzinin yaradılması nəzərdə tutulur və beləliklə, onların sayı 20-yə çatacaq: "Mənə verilən məlumata görə, Bakı şəhərində də yeni mərkəzlərin tikintisinə ehtiyac var. Çünki "ASAN Xidmət"in funksiyalarının həcmi və müraciətlərin sayı artır, bəzi yerlərdə növbələr yaranır. Biz "ASAN Xidmət"i, məhz ona görə yaratdıq ki, bu, asan olsun, bu xidmət rahat olsun, növbə olmasın, heç bir pozuntu olmasın, şəffaf olsun. Buna nail olmuşuq. "ASAN Xidmət"in bəyənmə əmsalı 100 faizə yaxındır. Ancaq nəzərə alsaq ki, funksiya genişlənir və müraciətlərin sayı artır, bəzi yerlərdə növbələr yaranır. Ona görə göstəriş vermişəm ki, - ilkin vəsait də ayrıldı, - Bakı şəhərində əlavə iki "ASAN Xidmət" Mərkəzi yaradılsın və beləliklə, onların sayı 22-yə çatacaq". Davamlı inkişafı və spesifik milli inkişaf modeli ilə tanınan Azərbaycanın uğurlu inkişafı təmin edilir, ölkəmizdə təhlükəsizlik yüksək səviyyədə qorunur və ictimai-siyasi sabitlik möhkəmlənir. Bu gün təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həyata keçirilən siyasi-iqtisadi idarəçilik modeli nəticəsində, ölkəmizdə bütün sahələrdə uğurlar və yeniliklər əldə edilir. Azərbaycan modeli dünya ölkələri üçün nümunəyə çevrilib.
Göründüyü kimi, dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görülüb və bu istiqamətdə müvafiq hüquqi baza formalaşdırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanı ölkəmizdə, nəinki elektron hökumətin inkişafı, həm də korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsində mühüm rol oynadı.

"AZƏRBAYCAN İNDİ İNTELLEKTUAL MƏHSULLARI HƏM YARADIR, HƏM DƏ İXRAC EDİR"

Bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldıran "ASAN Xidmət" Mərkəzi haqqında dövlət başçısının vurğuladığı kimi, "ASAN Xidmət", doğrudan da, ictimai xidmətlər, ümumiyyətlə, ictimai əlaqələr sahəsində bir inqilab olub. Bu gün dünyanın aparıcı maliyyə qurumları bizim təcrübəmizi çox yüksək qiymətləndirir və tövsiyə edirlər ki, bu təcrübə başqa ölkələrdə də tətbiq olunsun. Azərbaycan indi intellektual məhsulları həm yaradır, həm də ixrac edir. Bu, doğrudan da, çox böyük hadisədir". Bu modeldən dünya ölkələri bəhrələnir. Dövlət xidmətlərinin səmərəliliyinin artırılması hazırda bir çox ölkələr üçün önəmli çağırışlardan biri olduğundan, tərəfdaş ölkələrlə "ASAN Xidmət" modelinin tətbiqi, təcrübələrin paylaşması istiqamətində fəal əməkdaşlıq aparılır. Beynəlxalq qabaqcıl təcrübə kimi, bu gün "ASAN Xidmət"in fəaliyyəti Avropa İttifaqı, Avropa Parlamenti, Böyük Britaniya Parlamenti, Fransa, Almaniya və digər ölkələrdə yüksək qiymətləndirilir. Artıq Azərbaycanın "ASAN Xidmət" modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyniadlı qurum "Asan Khedmat" təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya, Monteneqro və ISESCO təşkilatı ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
"Ölkəmiz müasirləşir və inkişaf edir. "ASAN Xidmət"in fəaliyyətə başlaması bizim niyyətimizi göstərir. Biz istəyirik ki, insanlar rahat yaşasınlar, ən gözəl xidmətlərə malik olsunlar" deyən Prezident İlham Əliyev korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də "ASAN Xidmət"in çox mühüm rol oynadığını vurğulayıb. Bu gün Azərbaycanda görülən hər iş, aparılan islahatlar, reallaşan layihələr insanların sosial məişətinin və həyatın firəvanlığına yönəlib. Buna Azərbaycanın, bütövlükdə, inkişafı imkan verir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə