"Milli maraqlarımıza qarşı hər hansı bir addım atmamalıyıq" ÖZƏL-MÜNASİBƏT
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk və Belçikalıların Kralı Əlahəzrət Filip ilə görüşdü. Hər iki görüşdə dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verərək Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunduğunu, münaqişənin həllinin yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında və ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu diqqətə çatdırdı". Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, söhbət zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlıq məsələlərinə toxunuldu, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olundu və Prezident İlham Əliyevin Belçikaya səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsinə töhfə verəcəyi bildirildi: "Bu görüşlər hazırki mərhələdə milli maraqlarımızın təmin olunması, torpaqlarımızın işğaldan azad olunması istiqamətində atılan mühüm addımlar kimi qiymətləndirilməlidir. Ancaq milli maraqlarımızın təmin olunması üçün atılan bu addımlar antiazərbaycançı mərkəzləri narahat edir və təəssüf ki, bəzən bizə qarşı öz vətəndaşlarımızdan istifadə edirlər. Özünü Azərbaycanlı hesab edən heç bir kəs ermənipərəst mərkəzlərin belə ucuz oyunlarına alət olmamalıdırlar. Çünki Azərbaycan Prezdentinin səfəri zamanı təşkil edilən bu cür aksiyalar Azərbaycan hakimiyyətinə qarşı deyil Azərbaycan dövlətinə, milli maraqlarımız qarşıdır. Belə mövqe Azərbaycanın milli davasına, milli maraqlarımıza, Azərbaycan xalqının məqsədlərinə xəyanətdir. Ermənilər müxtəlif vasitələrə əl atmaqla Azərbaycanı öz ərazi bütövlüyünü bərpaetmə məqsədlərindən yayındırmağa çalışırlar.
Şübhəsiz ki, Azərbaycan diplomatik münasibətlərdən, öz beynəlxalq nüfuzundan istifadə edərək ermənilərin törədə biləcəyi təxribatların qarşısını alır. Ancaq təəssüf ki, vətəndaşlıq məsuliyyəti və milli təssübkeşliyi lazımi səviyyədə olmayan bəzi şəxslər ermənilərin əlində alətə çevrilməklə belə aksiyalar keçirməyə cəhd edirlər. Bu yolverilməzdir, bu milli davamıza, Qarabağ davamıza xəyanətdr. Bu cür insanların Azərbaycanlı adına iddia etməyə mənəvi haqları yoxdur. Biz torpaqlarımızı yalnız milli birlik və ümummilli mücadilə nəticəsində azad edə bilərik. Hamımız birdəfəlik bu həqiqəti bilməli və milli maraqlarımıza qarşı hər hansı bir addım atmamalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB