Namiq Əliyev: “Aksiya keçirən “azərbaycanlılar” erməni lobbisinin təsir dairəsinə düşənlərdir” RƏY-ÖZƏL

Namiq Əliyev: “Aksiya keçirən “azərbaycanlılar” erməni lobbisinin təsir dairəsinə düşənlərdir” RƏY-ÖZƏL

“Azərbaycan Prezidentinin istənilən xarici səfəri ölkəmizin beynəlxalq nüfuzunun daha da güclənməsinə, dünya dövlətləri arasında mövqeyinin möhkəmlənməsinə xidmət edir”. Bunu SİA-ya açıqlamasında “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib. Onun sözlərinə görə, bu səfərlər Prezidentin şəxsi səfərləri deyil və ona görə edilir ki, Azərbaycanın milli və dövlət maraqları beynəlxalq səviyyədə daha etibarlı qorunsun: “Prezidentin xarici səfərləri, həm də dövlətimizin suverenliyinin, müstəqilliyinin bir göstəricisidir. Bu baxımdan, səfər edilən xarici ölkədə istənilən qrupun, dəstənin Prezidentin səfərinin əleyhinə hansısa aksiya keçirməsi qəbuledilməzdir və birmənalı şəkildə ölkəmizə, dövlətimizə, Vətənimizə qarşı atılan addım kimi qiymətləndirilməlidir. Belələrinin ölkənin imicinə vurduğu zərbə düşmənlərin hərəkətlərindən daha betərdir. Şübhə etmirik ki, Prezidentin Brüssel səfəri zamanı orada aksiya keçirən “azərbaycanlılar” erməni lobbisinin təsir dairəsinə düşənlərdir. Məhz erməni lobbisindən aldıqları vəsaitlər hesabına xaricdə yaşayır və anti-Azərbaycan fəaliyyəti göstərirlər. Erməni lobbisinin də məqsədi bəllidir. Onlar bütün sahələrdə, o cümlədən də bu cür informasiya savaşı cəbhəsində Azərbaycanı zəif duruma salmaq istəyirlər ki, Dağlıq Qarabağ problemi ilə bağlı mübarizəmizdə mövqeyimiz güclü olmasın. Hesab edirik ki, dünyada gedən siyasi proseslərdən baş çıxara bilən həmvətənlərimiz, xüsusən də gənclərimiz belə avantüristlərin hərəkətlərinin əsl mahiyyətini anlayırlar və onların xəyanətlərinə qiymət verəcəklər”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə