Nyu-York şəhərində nəşr olunan elmi-publisistik "Natural History" (təbiət tarixi) jurnalında Binəqədi dördüncü dövr fauna və flora qəbiristanlığı haqda geniş məqalə dərc olunub. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yazıda yaşı alimlərimiz tərəfindən 190 min il müəyyən edilmiş həmin ərazinin geoloji tarixindən və elm üçün zəngin xəzinə kimi əhəmiyyətindən bəhs olunur.
"Azərbaycanın qədim fauna və flora qəbiristanlığı" adlanan məqalədə qeyd edilir ki, təxminən 200 min il bundan əvvəl indiki Binəqədi qəsəbəsinin böyük bir hissəsi qırlı göldən ibarət olub. İçməli su kimi görünən göl qədim, habelə nəsli kəsilmiş heyvanlar üçün ölüm yuvası imiş. Belə ki, qıra yapışmış heyvanlar asan yem kimi digərlərini də gölə cəlb edib. Bu yolla həmin ərazi daim öz qurbanlarının sayını artırıb. Sonralar o, elmə məlum olmayan dövrdə qabarmalara məruz qalaraq torpağa çevrilib. Müasir dövrdə ərazinin əksər hissəsində tikinti işləri aparılıb. Nəhayət 1938-ci ildə onun yalnız kiçik bir sahəsi aşkarlanıb və elm üçün zəngin sərvət kimi qiymətləndirilib. Hazırda alimlər bu ərazinin sayəsində Azərbaycanın çox qədim fauna və florası, həmçinin iqlimi barədə məlumatlar verə bilir.
Binəqədi fauna və flora qəbiristanlığından aşkarlanmış və Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Təbiət Tarixi Muzeyində nümayiş etdirilən qədim tapıntılar və onların elm üçün faydası da yazıda qabardılıb.
Bu cür ərazi Kaliforniya ştatının Los-Anceles şəhərində də mövcuddur və "La Brea Tar Pits" adlanır. Məqalədə hər iki ərazinin oxşar və fərqli cəhətləri də əks olunur. Qeyd edək ki, Binəqədidəki ərazidən xeyli cavan olan bu sahənin 35 min illik yaşı vardır və hazırda açıq havada muzey və mühüm elmi tədqiqat obyekti kimi istifadə edilir.
Materialın müəllifləri AMEA Geologiya İnstitutunun mətbuat katibi Səid Hüseynov və Los-Anceles Təbiət Tarixi Muzeyinin La Brea Tar Pits üzrə tədqiqatçısı Con M. Harrisdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB