Azərbaycanda əhalinin sosial müdafiəsi dövlətin iqtisadi siyasətinin əsas prioritetlərindəndir
Prezident İlham Əliyev: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır"
Dövlət öz siyasətində iqtisadi inkişafla yanaşı, əhalinin sosial müdafiəsini hədəfə götürür. Təkcə son 16 il üzrə bu sahədəki faktlara nəzər salaq: maaşlar 7, pensiyalar 9, minimum əməkhaqqı 6,5 dəfə artıb. Cari ilin əvvəlindən də əhalinin sosial müdafiəsi istiqamətində mühüm işlər görülür. Prezidentin imzaladığı sərəncam və fərmanlar sayəsində minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40, məcburi köçkünlərə verilən müavinət 50 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, eləcə də, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər nəzərəçarpacaq səviyyədə artmışdır.
Yeni iş yerlərinin yaradılması ölkəmizdə davamlı prosesdir. Son 16 il ərzində 2 milyon iş yerinin açılması adi fakt deyil. Amma əhalimiz də artır. İndi 10 milyonuq. Yəni açılan 2 milyon iş yerinin fonunda əhalimiz 1,7 milyon nəfər çoxalıb. Odur ki, artan əhalinin işlə təmin edilməsi üçün müxtəlif proqramlar hazırlanır. Məsələn, yaxın gələcəkdə 40 min ödənişli ictimai iş yerinin yaradılması, özəl sektorun bu işə daha fəal cəlb edilməsi nəzərdə tutulur. Təkcə cari ildə sahibkarlara veriləcək 170 milyon güzəştli kredit hesabına 8 min iş yerinin yaradılması gözlənirlir. Bununla dövlət və özəl sektor məşğulluqla bağlı birgə layihələr reallaşdıracaq.
Vətəndaşlara göstərilən qayğının digər nümunəsi Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə sosial evlərin tikilməsidir. İlk sosial evlər Yasamal Yaşayış Kompleksində istifadəyə verilib. İkinci belə böyük massiv Hövsan qəsəbəsində icra edilir. Sosial evlərin tikintisi təkcə ehtiyacı olanların mənzillə təmin edilməsi ilə məhdudlaşmır. Bu proqram, həmçinin, minlərlə yeni iş yerinin açılması deməkdir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında əhalinin məşğulluğunun təminatı ilə bağlı həyata keçirilən daha bir layihə - özünüməşğulluq proqramı haqqında demişdir: "İş yerlərinin yaradılması üçün, əlbəttə ki, vacib amillərdən və vasitələrdən biri özünüməşğulluq proqramıdır. Biz buna da başlamışıq. Bu proqram çox böyük rəğbət qazanıb. Biz hər il özünüməşğulluq proqramı çərçivəsində təqribən 7 minə yaxın insanı işə cəlb etmək fikrindəyik. Ancaq yerlərdən gələn sifarişlər qat-qat çoxdur. Biz bunu nəzərə almalıyıq və öz planımıza düzəliş etməliyik”.
Ölkə rəhbəri Azərbaycan vətəndaşlarını, bir daha əmin etmişdir ki, dövlət bütün sosial məsələlərin həllində həmişə vətəndaşların yanında olacaq. Həmçinin, mərkəzi və yerli icra orqanlarının nümayəndələrinə tapşırıq vermişdir ki, vətəndaşlara daim qayğı göstərsinlər, onların problemləri ilə maraqlansınlar. Bunun üçün mərkəzi və yerli icra orqanlarının rəhbərləri daim vətəndaşlarla görüşməli və onlara lazımi köməkliklər etməlidirlər. Bu baxımdan, Prezidentin bu il Ağsu, İsmayıllı və Şamaxı rayonlarında baş vermiş zəlzələ zamanı göstərdiyi diqqət və qayğı hər bir məmur üçün örnəkdir. Məlum olduğu kimi, dövlət başçısı zəlzələdən ziyan çəkən vətəndaşlarla görüşərək, onların qayğıları ilə maraqlanmış, aidiyyəti dövlət qurumlarına tapşırıqlarını vermiş, işlərin sürətlə aparılması üçün vəsait ayırmış və həmin işlərin icrasını şəxsi nəzarətinə götürmüşdür.
Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edən Prezident İlham Əliyev deyib ki, son 15 il ərzində əməkhaqqının və pensiyanın 10 dəfəyə yaxın artırılması bizim sosial siyasətimizi göstərir: “Biz iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük işlər görmüşük. Bu gün bu istiqamətdə işlər davam etdirilir. İqtisadiyyatın neft-qaz amilindən asılılığını azaltmaq üçün praktiki addımlar atılır. Son 16 il ərzində iqtisadiyyat 3 dəfə artıb, çox gözəl biznes mühiti yaradılıb. Dünya Bankının hesablamalarına görə, biz bu göstərici üzrə dünya miqyasında 25-ci yerdəyik. Yəni islahatlar aparıldı və ölkə qarşısında duran problemlər həll olunmağa başlandı. Əgər biz buraya texnoloji inkişafı da əlavə etsək, deyə bilərik ki, bu gün Azərbaycanın 3 peyki var, Azərbaycan kosmik klubun üzvüdür. Bu da böyük nailiyyətdir, tarixi nailiyyətdir. Enerji təhlükəsizliyi sahəsində görün nə qədər böyük işlər görüldü. Heydər Əliyevin öz əlləri ilə təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan artıq 13 ildir ki, fəaliyyət göstərir və ölkəmizə gəlir gətirir. Bu gəlir xalqın rifah halının yaxşılaşmasına və infrastruktur layihələrinin icrasına yönəldilir. Bu gün biz daha böyük enerji layihəsini icra edirik və əminəm ki, uğurla başa vuracağıq. Baxmayaraq ki, açıq dənizə çıxışımız yoxdur, biz Azərbaycanı nəqliyyat mərkəzinə çevirmişik. Bu sahəyə qoyulan sərmayə gələcəyə qoyulan sərmayədir. Çünki bundan sonra Azərbaycan onilliklər, yüzilliklər ərzində tranzit imkanlarından istifadə edərək, öz büdcəsini artıracaqdır. Azərbaycana daxil olacaq vəsait, sadəcə, coğrafi vəziyyətdən və tranzit imkanlardan asılı olacaqdır”.
"Səs" Analitik Qrupu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB