UEFA QARAYAXMASI İFLASA UĞRAYACAQ

UEFA QARAYAXMASI İFLASA UĞRAYACAQ

“Eurovison”, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, "Formula-1" kimi qlobal nüfuzlu mədəniyyət və idman tədbirlərini yüksək səviyyədə təşkil edən Azərbaycan mayın 29-da UEFA Liqasının final oyununa ev sahibliyi edəcək. Bakıdakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının finalı iki ingilis komandası-“Arsenal” və “Çelsi” arasında baş tutacaq. Bakıda keçiriləcək finala maraq olduqca böyükdür və gözlənilir ki, minlərlə ingilis futbol fanatı da daxil olmaqla, Avropadan çoxsaylı azarkeşlər bu futbol bayramını izləmək üçün Bakıya axışacaqlar.
Lakin belə mühüm beynəlxalq idman tədbirindən fürsət kimi yararlanıb, Azərbaycana qarşı qara piar kampaniyası başlanıb. Artıq bir müddətdir Qərbdəki ənənəvi anti-Azərbaycan dairələri bu idman hadisəsi fonunda ölkəmizə qarşı növbəti məkrli kampaniyaya başlayıblar. Həmin kampniyanın təşəbbüskarları və iştirakçılarının taktikası dəyişməyib, onlar beynəlxalq ictimaiyyətdə, belə bir rəy formalaşdırmağa çalışırlar ki, UEFA finalı kimi mühüm idman tədbirinin Azərbaycanda keçirilməsi düzgün deyilmiş.
Hər dəfə şahidi olmuşuq ki, anti-Azərbaycan mərkəzləri mühüm ictimai-mədəni hadisələr ərəfəsində ölkəmizin imicini ləkələmək üçün qarayaxma kampaniyası aparır, tədbirlərin əhəmiyyətini azaltmağa çalışırlar. Elə UEFA Liqasının final oyununa qarşı aparılan çirkin kampaniya da, bu baxımdan, istisna təşkil etmir.
Bu dəfə isə, Böyük Britaniya XİN də daxil olmaqla, bir sıra instansiyalar idmana aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürür və beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar.
Amma hər kəs çox yaxşı bilir ki, anti-Azərbaycan dairələrinin irəli sürdüyü iddialar tamamilə əsassızdır. Çünki Azərbaycan insan hüquqlarını ən yüksək səviyyədə təmin edən ölkədir və təklif edirik ki, B.Britaniya öz daxilində müsəlmanların haqlarının hansı dərəcədə pozulmasının qarşısını almaqla məşğul olsun. Çünki Azərbaycan hər dəfə belə dairələrə sübut edə bilib ki, əvvəla, insan haqlarının total pozulması barədə ittihamların əsası yoxdur. Digər tərəfdən, indiyə qədər UEFA finallarının baş tutduğu ölkələr, insan haqları baxımından ideal idi? Məgər bu ölkələrdə polisin nümayişçilərə qarşı ifrat güc tətbiq etməsi barədə səhnələr yaddaşlardan belə tez silinib? Ola bilər həmin dairələr bu faktları görməzliyə vururlar, amma internetin yaddaşı möhkəmdir və Avropa ölkələrində insan haqlarının pozulmasına dair çoxsaylı faktları və görüntüləri tapmaq heç bir çətinlik törətmir.
Eyni zamanda, Bakıya final oyununu izləməyə gələcək turistlərin təhlükəsizliyinə tam təminat verilir, şəhərimizin qonaqları sadələşdirilmiş vizadan, 20-30 dollardan başlayan otellərdən istifadəsinə və ucuz qiymətə aviabiletlər almalarına şərait yaradılır. Məsələn, AZAL hazırda Böyük Britaniyaya və geriyə olan reyslərinə beynəlxalq mülki aviasiyada mümkün olan ən aşağı qiymətlərdən başlayaraq, qiymətlər tətbiq edir. AZAL -ın Londondan Bakıya və geriyə uçan lüks təyyarələrinə təklif etdiyi qiymətlər mövcud beynəlxalq qiymətlərdən daha aşağıdır. Bunu yoxlamaq üçün online bilet satışı üzrə ixtisaslaşmış saytlara daxil olub, qiymətlərə müqayisəli şəkildə göz gəzdirmək kifayətdir.
O ki qaldı "Arsenal" klubunun oyunçusu erməni əsilli Henrix Mxitaryana, onun da təhlükəsizliyinə təminat verilir. Britaniya XİN və anti-Azərbaycan dairələri nəzərə alsınlar ki, əvvəllər də erməni idmançılar Azərbaycana gəliblər, hətta dövlət başçısı onlara şəxsən mükafat təqdim edib və heç bir insident, xoşagəlməz hal da qeydə alınmayıb.
Göründüyü kimi, ayrı-ayrı dairələrin irəli sürdüyü iddialar əsassızdır və qərəzlidir. Bakı finalına qarşı qarayaxma kampaniyası aparan dairələr, xüsusilə də, Britaniya XİN nəzərə alsın ki, kifayət qədər sərt xarakteri, iğtişaşlar törətmək təcrübəsi olan ingilis fanatlar bir o qədər də arzuolunan qonaq deyillər. Buna baxmayaraq, Azərbaycan bütün məsələləri ən yüksək səviyyədə təşkil etməyə hazırdır və bunu dəfələrlə əməldə sübut edib.
Bir sözlə, bütün bunlar sübut edir ki, xaricdəki maraqlı dairələr Azərbaycanın dünyada nüfuzunun artmasından, onun yüksək səviyyəli iqtisadi, siyasi və humanitar mərkəzə çevrilməsindən narahatdırlar. Ona görə də, Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək məqsədi güdən əsassız iddialar iflasa uğrayacaq və hər dəfə olduğu kimi, bu idman tədbiri də ən yüksək səviyyədə təşkil ediləcək və dünya nümunəvi final təşkilatçılığının şahidi olacaq.

"Səs" Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə