Vera Qoryunova: “Tezliklə Ukrayna orta məktəblərinin birində Azərbaycan dili bölməsi də fəaliyyət göstərəcək”- Açıqlama

Vera Qoryunova: “Tezliklə Ukrayna orta məktəblərinin birində Azərbaycan dili bölməsi də fəaliyyət göstərəcək”- Açıqlama

"Kiyev Baş Təhsil İdarəsi ilə Bakı Şəhər Təhsil İdarəsi qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzaladı. Sevindirici haldır ki, Azərbaycanda təhsilə xüsusi diqqət və qayğı göstərilir". Bu sözləri Bakıda işgüzar səfərdə olan Kiyev Baş Təhsil İdarəsinin rəisi Vera Qoryunova SİA-ya eksklüziv açıqlamasında deyib.

V.Qoryunova ölkə təhsilinin səviyyəsindən məmnun qaldığını dilə gətirib: "Kiyev şəhərinin bir çox beynəlxalq əlaqələri var və bu özünü təhsil sahəsində daha qabarıq göstərir. Müxtəlif orta məktəblərdə 27 dildə dərslər tədris olunur ki, bunların arasında ingilis, alman, yapon, skandinaviya ölkələri və s, o cümlədən bazar günləri Azərbaycan dilində dərslər keçirilir.

Azərbaycan təhsili ilə bağlı bizim məlumatımız çox idi. Burada olarkən əyani surətdə şəhər və kənd məktəblərində olduq. Sizdə təhsilin keyfiyyətinə daha çox fikir verildiyinin şahidi olduq. Xüsusən də maddi-texniki bazanın yaxşı olması ürəkaçandır. Kənd məktəblərində də davamiyyət və maddi-texniki baza yaxşı idi".

Rusiyalı qonağın əsas diqqətini isə dövlət başçısı İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın təhsilə xüsusi fikir verməsi və bu sahədə xeyli işlər görməsi çəkib: "Bildiyiniz kimi Kiyevlə Bakı təhsil idarələri arasında müqavilə imzaladıq. Bu müqavilə bizlərə nə verəcək? Əvvəla müəllim və şagirdlərimiz qarşılıqlı əməkdaşlıq edəcək, daha sonra valideynlər və şagirdlərimiz dostlaşacaq. Bizim balalarımızın dostluq şəraitində, ağıllı, sağlam böyüməyə haqları var.

Bilirsiniz ki, biz informasiya texnologiyaları sərgisində də iştirak etdik. Burada uşaqlar dünyanın aparıcı dövlətlərinin şagirdləri ilə internet vasitəsilə əlaqələr yaradaraq, öz layihələrini nümayiş etdirərək, paytaxt məktəblilərilə video konfranslar keçirərək öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Bakı məktəblisinin öyrəndiyi informasiya biliklərini yüksək səviyyədə nümayiş etdirməsi təqdirəlayiqdir".

Təhsil naziri Misir Mərdanovla görüşünü xatırladan Vera Qoryunova bildirib ki, tezliklə Ukrayna orta məktəblərinin birində Azərbaycan dili bölməsi də fəaliyyət göstərəcək: "Bu barədə artıq danışıqlar gedir. Bəzi təşkilatı məsələləri Ukrayna üzərinə götürsədə, bir çox məsələlər Azərbaycan tərəfindən asılıdır".

Bakı haqqında təəssüratlarını bölüşən qonaq Bakıda ikinci dəfə olduğunu deyib: "Bakı bulvarından ayrıla bilmirdim, baxmayaraq ki, hava yağışlı idi, ancaq oradakı fəvvarələr, müasir restoranlar, abadlıq-quruculuq işləri məni valeh etdi. Xalqınızın necə qonaqpərvər olduğunu isə əvvəlcədən bilirdik. Səmimi qonaqpərvərliyə görə təşəkkürümüzü bildiririk."

Bütün xəbərlər Facebook səhifəmizdə