Tural Abbaslı İsgəndər Həmidovun mitinq qərarını rədd etdi PARÇALANMA

“Bəzi insanların yığışıb toplantı keçirməsi hələ o demək deyil ki, bu, “Azərbaycan Xalq Hərəkatı”nın Məclisinin iclasıdır”

Parçalanmış “Azərbaycan Xalq Hərəkatı” daxilində çaxnaşmalar davam edir. SİA xəbər verir ki, qurumun AMDP sədri İsgəndər Həmidov tərəfindən olan qanadı mitinq günü təyin etsə də, Ağ Partiya sədri Tural Abbaslının təmsil olunduğu qanad bundan xəbərsiz olduqlarını deyərək, eyni zamanda, mitinq qərarını rədd ediblər. Məsələ ilə bağlı mətbuata açıqlama verən T.Abbaslı həm də təmsil olunduğu hərəkatın idarə heyətinin üzvü olduğunu xatırladaraq bildirib ki, idarə heyətinin bu cür qənaəti yoxdur və o, iddia edilən mitinqi İ.Həmidovun bir vətəndaş olaraq təyin etdiyi mitinq kimi qəbul edir: “Mənim təmsil olunduğum “Azərbaycan Xalq Hərəkatının” idarə heyəti 25 maya və ya başqa günə hələ mitinq təyin etməyib. Düşünürəm ki, hər bir vətəndaş kimi İsgəndər Həmidovun da sərbəst toplaşmaq azadlığından istifadə hüququ var və görünür, o, həmin hüququndan istifadə edərək mayın 25-nə mitinq təyin eləyib. 25 may mitinqini “AXH”nin yox, İsgəndər Həmidovun mitinqi hesab etmək daha doğru olar. Odur ki, mən bu mitinqə “Azərbaycan Xalq Hərəkatı”nın mitinqi deməyi doğru hesab etmirəm. Əgər “Azərbaycan Xalq Hərəkatı”nın mitinq barədə qərarı yoxdursa, bizim idarə heyəti üzvü kimi o mitinqdə iştirakımız təbii ki, mümkün deyil”.

Ağ Partiyanın sədri istehazalı şəkildə İ.Həmidovun mitinq qərarına həm də belə münasibət sərgiləyərək deyib ki, o, ümumiyyətlə “AXH”nin məclisinin keçirilməsindən bixəbərdir: “Mən “Azərbaycan Xalq Hərəkatı”nın məclisinin keçirildiyini xatırlamıram. “AXH”nin məclisi keçirilib ki, mitinq barədə də qərar verilsin? Məclis keçirilsəydi biz də iştirak etmiş olardıq. Bəzi insanların yığışıb toplantı keçirməsi hələ o demək deyil ki, bu, “Azərbaycan Xalq Hərəkatı”nın Məclisinin iclasıdır”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə