"Hakimiyyətlərin zorakı yolla dəyişdirilməsi prosesi aktual olub" ÖZƏL-ŞƏRH

"Hakimiyyətlərin zorakı yolla dəyişdirilməsi prosesi aktual olub" ÖZƏL-ŞƏRH

"Hakimiyyətlərin zorakı yolla dəyişdirilməsi prosesi çox aktual olub. Əlcəzair prezidenti istefa verdi. Sudanda prezident istefaya göndərildi. Venesuelada hərbi çevrilişə cəhd olundu. Bütün bu proseslərin hamısında ordular aktiv iştirak edib". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəz sədrinin sözlərinə görə, digər vacib məqam ABŞ prezidenti D.Trampın digər dövlətlərin işinə qarışmayacağını bəyan etməsinə baxmayaraq bu proseslərin hamısında bu və digər dərəcədə ABŞ-ın rolu görünür: "Trampı bu işə vadar edən addım kimi Rusiyanın rolunu qeyd etmək olar.

Suriyada Rusiyanın yeni silahları xüsusilə “İskəndər” qeydə alınıb. Ehtimal ki, bu Rusiyanın Suriya ərazisində nöqtəvi dəqiq hərbi əməliyyatlar aparmaq niyyətindən xəbər verir. Tartu limanının 49 il müddətinə Rusiyaya icarəyə verilməsi ilə bağlı müqavilə imzalandı. Bu hərbi addımlar Suriyada Rusiya- İran maraq toqquşması prizmasından qəbul edilməlidir. Suriya müxalifəti B.Əsədin qələbəsini etiraf etdi. Bu fikri V.Putin Çində jurnalistlərlə görüşü zamanı bildirdi.

Suriya məsələsində Rusiyanın orijinal mövqeyi ortalığa çıxdı. Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi A.Lavrentev Səudiyyə Ərəbistanı adından Suriyaya bildirdi ki, Ər-Riyad Dəməşqlə münasibətləri bərpa etmək fikrindədir. Ehtimal ki, Rusiya Səudiyyə Ərəbistanının Suriyanın daxilinə girməsindən İrana qarşı istifadə etmək niyyətindədir.

Belarus hal-hazırda Rusiya üçün ciddi problem yaradır, amma Belarusun yaratdığı problem Rusiyanın davranışına adekvat reaksiyadır. Rusiyanın Belarusdakı səfirinin davranışı A.Lukaşenkonu kifayət qədər narahat edirdi və o hesabdan V.Putin Belarusdakı Rusiyanın səfirini dəyişdi, yerinə Dmitri Mezençevi təyin etdi. Belarus Rusiyadan Avropaya axan dostluq neft kəmərini bağladı. Səbəb bu kəmərlə qeyri-təmiz neftin axını göstərilirdi. Belarusun bu addımı rezon yaratdı. Az sonra da Polşa Rusiyanın neft tranzitini dayandırdı.

ABŞ-la münasibətlərdə ən aktual mövzu Venesuela məsələsidir. ABŞ Venesuelada dövlət çevrilişinə cəhd etdi, amma onun dövlət çevrilişi cəhdi alınmadı. Səbəb kimi Rusiya göstərildi. M.Pompeo və C.Bolton Venesuelada müxalifətin dövlət çevrilişinə cəhd edərkən Rusiyanın Venesueladakı silahlarının, xüsusilə ZRK-larının hadisələrin gedişinə təsir etməyəcəyini bildirdi. Pompeo Rusiyanı Maduronun Venesueladan Kubaya qaçmağının qarşısını almaqda ittiham etdi. Rusiya demək olar ki, güzgü cavabı verməklə məşğul olub. Amma dövlət çevrilişinə cəhdin baş tutmaması Rusiyanın böyük uğuru kimi qəbul edilməlidir. ABŞ Dövlət Katibi Rusiya və Çini Cənubi Amerikada yalançı dostlar adlandırdı. Onlar özlərini Cənubi Amerikaya yaxın müttəfiq kimi göstərirlər, amma aralarında kifayət qədər ciddi problemləri var. ABŞ-NATO hərbi gəmiləri Qara dənizdə hərbi fəaliyyətdədir. Rusiyanın Qara Dəniz Donanması onları izləməklə məşğul idilər. İndi isə artıq demək olar ki, özləri də hərbi təlimlərə başlayıblar.

Estoniyanın prezidenti Kersti Kalyuayd Moskvaya səfər etdi, prezident V.Putinlə görüşdü. Onun Rusiyaya səfərinə, Putinlə görüşməsinə qonşu dövlətlər neqativ münasibətlər bildirdilər. K.Kalyuayd V.Putinlə daha çox təhlükəsizlik məsələlərini müzakirə etdi.

V.Putin Pekində “Bir qurşaq, bir yol” forumunda iştirak etdi, çoxsaylı görüşlər keçirdi, o cümlədən Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevlə də görüşdü. V.Putin Rusiya ilə Çin arasında olan münasibətləri analoqsuz, presedentsiz yüksək münasibətlər adlandırdı.

Yerusəlim Patriarxı Feofil Yaxın Şərq xristianları adından V.Putinə onları müdafiə etdiyi üçün minnətdarlıq bildirdi. Silah satışına görə Rusiya birinci beşlikdən kənarda qaldı. Rusiyanın qızıl valyuta ehtiyatı 487,8 milyard dollar olmaqla 5 illik rekord vurdu".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə