Baş Prokurorluq Misirdə öldürülən Azərbaycan vətəndaşı ilə bağlı açıqlama yayıb

Baş Prokurorluq Misirdə öldürülən Azərbaycan vətəndaşı ilə bağlı açıqlama yayıb

Azərbaycanın Baş Prokurorluğu Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində yanvarın 29-da baş verən kütləvi iğtişaş zamanı Azərbaycanın bu ölkədəki səfirliyinin mühasibi, 1987-ci il təvəllüdlü Qocayev Nicat Rza oğlunun ölümü ilə bağlı açıqlama yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, N. Qocayevin işdən çıxıb yaşadığı evə qayıdarkən naməlum əcnəbi şəxs tərəfindən odlu silahdan açılmış atəş nəticəsində qəsdən öldürülməsi faktı üzrə Azərbaycan Cinayət Məcəlləsinin 12.2-ci maddəsinin tələblərinə əsasən baş prokuror tərəfindən yanvarın 31-də 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Məlumata görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşları tərəfindən Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində məhkəmə-tibbi ekspertlərin iştirakı ilə foto və video çəkilişlərdən istifadə olunmaqla meyitin baxışı keçirilib, daxili müayinəsi aparılıb, bədənindən bir ədəd güllə çıxarılaraq maddi sübut kimi götürülüb, məhkəmə-tibbi, məhkəmə-ballistik ekspertizaları təyin edilib və iş üzrə əhəmiyyət kəsb edən məlumatların əldə edilməsi məqsədi ilə müvafiq sorğular göndərilib.

Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində səfirliyin əməkdaşlarının dindirilməsi, digər zəruri istintaq hərəkətlərinin yerinə yetirilməsi, cinayəti törətmiş şəxsin müəyyən edilərək Azərbaycanın tərəfdar çıxdığı BMT-nin Baş Məclisinin 14 dekabr 1973-cü il tarixli "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyasına uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə