Siyasi partiyaların yenidən qeydiyyatdan keçməsi təklifinə münasibət necədir?

Siyasi partiyaların yenidən qeydiyyatdan keçməsi təklifinə münasibət necədir?

Azərbaycanda "Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul edilib. Hazırda gündəlikdə ona düzəliş və əlavələrin edilməsi məsələsi durur. Qəbul olunması gözlənilən yeni qanunda isə siyasi partiyaları maraqlandıran əsas məsələ partiyaların dövlətdən maliyyələşməsi məsələsidir. Xatırladaq ki, 2008-ci il noyabrın 11-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində çıxan "Azərbaycan – 2003-2008: reallığa çevrilən qeyri-adi zaman" məqaləsində də siyasi partiyaların fəaliyyətinə yenidən baxılması zəruri və vacib amillərdən biri kimi qeyd olunub. Prezident Administrasiyasının rəhbərinin fikrincə, geniş yayılmış təcrübə ondan ibarətdir ki, dövlət maliyyəsi parlamentdə təmsil olunan bütün partiyaları əhatə etməlidir: "Qardaş Türkiyə Cümhuriyyətində siyasi partiyaların Böyük Millət Məclisində təmsil olunması əsas meyar hesab edilir. Bununla belə, müxtəlif siyasi qüvvələr arasında bərabərşanslılığı təmin etmək üçün, bu meyar elektoratın mühüm hissəsini təmsil edən və seçkilərdə iştirak edən partiyalara da şamil olunur. Fransa Respublikasında dövlət yardımı sonuncu parlament seçkilərinin birinci turunda qazanılmış səslərlə mütənasiblik təşkil edir. Əsas şərt, ən azı, 50 seçki dairəsində səslərin 1 faizini qazanmış namizədləri təqdim etməkdir. Bu mərhələni keçən və parlamentdə təmsil olunan partiyalar isə deputatların sayına uyğun olaraq, dövlət yardımından bəhrələnirlər".

 

Təbii ki, hər zaman olduğu kimi partiyaların maliyyələşməsi üçün müxtəlif variantlar irəli sürülür. Qeydə alınan bütün partiyaların, seçkilərdə iştirak edən partiyaların və parlamentdə mandat qazanan partiyaların maliyyələşməsi bu variantlar arasındadır. Parlamentdə mandat qazanan partiyalar üçün bütün variantlar məqbuldur. Yəni, onlar istənilən halda dövlət büdcəsindən maliyyələşmə imkanını özündə saxlayırlar. "Yalnız parlamentdə təmsil olunan partiyalar dövlət büdcəsindən maliyyələşsin" fikri isə təbii ki, parlamentdən kənarda qalan partiyaları razı sala bilməz.

 

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bir neçə gün əvvəl mətbuatda açıqlamasında təkcə maliyyələşmə deyil, digər məqamlara da toxunub. O, bildirib ki, YAP siyasi partiyaların yenidən qeydiyyatdan keçməsini təklif edir. Millət vəkili bu məqsədlə 1992-ci ildə qəbul olunmuş "Siyasi partiyalar haqqında" qanuna əlavə və təkliflər paketinin hazırlandığını deyib. Onun sözlərinə görə, təklif olunan birinci blok partiyaların hüquqi təsnifatı, yəni, onların yenidən qeydiyyata alınması ilə bağlıdır: "Hesab edirik ki, partiyaların təkrar qeydiyyatı prosesinə baxılmalıdır. Hər hansı siyasi partiya seçicilərin - hazırda seçicilərin sayı təxminən 5 milyondur - 0,1 faizinin, yəni 5 mininin imzasını yığıb təqdim edirsə, qeydiyyata alına bilər. Başqa dövlətlərdə bu təcrübə mürəkkəbdir, biz daha asan variant təklif edirik. Məsələn, Ukraynada həmin imzaların hansı şəhərdən nə qədər toplanılması kimi şərtlər də var. Biz isə imzaların 125 Seçki Dairəsinin 50%+1-dən toplanmasını təklif edirik. Çünki partiya bir kəndi, yaxud bir şəhəri deyil, ölkəni təmsil edir. Belə məhdudiyyət olmasa, sabah bir kənd, ya qəsəbə durub deyər ki, imza toplamışıq, partiya yaradırıq".

 

S. Novruzov bildirib ki, YAP-ın təkliflərinin ikinci hissəsi dünya praktikasına əsasən, bir neçə il fəaliyyət göstərməyən partiyaların qeydiyyatının ləğv olunmasından ibarətdir: "Üçüncü məsələ isə partiyaların maliyyələşməsi ilə bağlıdır. Biz maliyyələşmə ilə bağlı üç şkala təklifini irəli sürmüşük. Bəzi partiyalar maliyyə yardımını bir, bəziləri iki, bəziləri isə üç şkala üzrə alacaq. Belə ki, dövlət qeydiyyatından keçən partiyaların hamısına maliyyə yardımı ayrılması nəzərdə tutulub - bu, birinci şkaladır. İkinci şkalada parlament seçkilərində iştirak edib aldığı səslərin miqdarı, üçüncü şkalada isə parlamentdə qazanılan yerlərin sayı götürülür. Bu, çox ədalətli üsuldur. Bunun üçün isə əvvəlcə qanunun qəbulu, sonra isə partiyaların qeydiyyata alınmasına başlamaq lazımdır. Yəni, hazırda dövlət qeydiyyatına alınmış partiyalar da yenidən qeydiyyata alınmalıdır".


 

Görəsən, bu təklif digər siyasi partiyalar tərəfindən neçə qarşılanır? Azərbaycan Demokrat Partiyasının  (ADP) sədr müavini Taliyət Əliyev YAP-ın sözügedən qanunla bağlı təkliflərini müsbət dəyərləndirdiyini bildirib. Siyasi partiyaların 3 mərhələli maliyyələşmə planını da normal bir təşəbbüs kimi qiymətləndirdiklərini deyən T.Əliyev bildirib ki, siyasi partiyaların yenidən qeydiyyata alınması təklifinə müsbət baxır: "Azərbaycanda 50-dən artıq partiya qeydə alınıb.  Ümumilikdə 10 partiyanın adını güclə çəkirik. Elə partiya sədrləri var ki, adlarını bilmirik. Bu nə hüquqi, nə də məntiqi baxımdan düzgündür. Partiya hər hansı bir siyasi qrupu yox, bütün ölkəni təmsil etməlidir. Çoxpartiyalı sistemin tərəfdarıyıqsa, ona qayğı göstərilməlidir. Ancaq bu qayğıdan sui-istifadə etmək olmaz".

 

ADP sədrinin müavini hesab edir ki, qəbul olunacaq yeni qanun ictimai müzakirələrə verilməlidir. T.Əliyev bildirib ki, siyasi partiyaların yenidən qeydə alınması üçün YAP-ın təklif etdiyi 5 min imza da çox deyil: "Hələ bu rəqəmi artırmaq da olar. Kimsə bu rəqəmin beş mindən də az olmasını təklif etsə, gülməli alınar. Bir partiya beş min imza toplaya bilmirsə, onda həmin partiya hansı adla fəaliyyət göstərə bilər". 

 

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurasının üzvü Samir Əsədli hesab edir ki, partiyalar qeydə alınan zaman onların fəaliyyəti, cəmiyyətə təsir imkanları, rayon təşkilatları üzvlərinin sayı və seçkilərdə iştirakı, seçkilərə münasibəti nəzərə alınmalıdır. VHP funksioneri qeyd edib ki, qanun YAP-ın təklif etdiyi formada qəbul olunarsa, qeydiyyat üçün tələb olunacaq 5 min imza o qədər çox deyil. O, həmçinin bildirib ki, qanun hazırlanarkən hər bir partiyanın təklifləri nəzərə alınmalıdır. 

 

VHP funksioneri qeyd edib ki, imzatoplama məsələsi bir sıra suallar doğurur: "Deyək ki, qanun qəbul olundu. Suallar yaranır ki, Vətəndaş Həmrəyliyi Partiyası kimdən imza almalıdır, vətəndaş o imzaları hansı partiyalar verəcək, nə üçün verəcək və sair. Hesab edirəm ki, təkcə bu yox, həm də partiyanın say tərkibi nəzərə alınmalıdır".        

 

S.Əsədli qeyd edib ki, illərdir ki, fəaliyyət göstərməyən, sədrlərin adları belə məlum olmayan partiyalardan imtina olunmalıdır: "20-yə yaxın partiya var ki, normal fəaliyyət göstərirlər və onlar fəaliyyəti yenidən rəsmiləşdirilməlidir".

 

Dövlət qeydiyyatından keçmiş partiyaların siyahısı isə aşağıdakı kimidir:
1. Azərbaycan Milli İstiqlal Partiyası
2. Azərbaycan Demokrat Partiyası
3. Azərbaycan Dünyəvi (Bozqurd) Partiyası
4. Dirçəliş və Tərəqqi Partiyası
5. Xalq Demokratik Partiyası
6. Ana Vətən Partiyası
7. Milli Demokrat İdrak Partiyası
8. Kəndli Partiyası
9. Vətəndaş Həmrəyliyi Partiyası
10. Müsavat Partiyası
11. Birlik Partiyası
12. Yeni Azərbaycan Partiyası
13. Vahid Azərbaycan Milli Birlik Partiyası
14. Vahid Azərbaycan Partiyası
15. Demokratik Azərbaycan Dünyası Partiyası
16. Müstəqil Azərbaycan Partiyası
17. Milli Qurtuluş Partiyası
18. Yurddaş Partiyası
19. Ümid Partiyası
20. Qorqud Partiyası
21. Milli Hərəkat Partiyası
22. Kommunist Partiyası
23. Milli Dövlətçilik Partiyası
24. Vətənpərvərlər Partiyası
25. Demokratik Sahibkarlar Partiyası
26. Azərbaycan Naminə Alyans Partiyası
27. Demokratik Maarifçilik Partiyası
28. Sosial Rifah Partiyası
29. Azərbaycan Liberal Partiyası
30. Sosial Demokrat Partiyası
31. Azərbaycan Xalq Cəbhəsi Partiyası
32. Vahid Kommunist Partiyası
33. Sosial Ədalət Partiyası
34. Milli Konqres Partiyası
35. Vəhdət Partiyası
36. Respublikaçılar Partiyası
37. Xalq Partiyası
38. Liberal Demokrat Partiyası
39. Mübarizlər Partiyası
40. Ədalət Partiyası
41. Milli Vəhdət Partiyası
42. Müasir Müsavat Partiyası
43. Azad Respublikaçılar Partiyası
44. Böyük Quruluş Partiyası
45. Azadlıq Partiyası
46. Demokratik İslahatlar Partiyası
47. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
48. Tərəqqi Partiyası
49. Böyük Azərbaycan Partiyası
50. Təkamül Partiyası
51. Vətəndaş Birliyi Partiyası
52. Klassik Xalq Cəbhəsi Partiyası
53. Vətəndaş və İnkişaf Partiyası
54. Aydınlar Partiyası
55. Yeni Nəsil Azərbaycan Kommunist Partiyası

Bütün xəbərlər Facebook səhifəmizdə