"Forumlar ölkə başçısının həyata keçirdiyi sülhsevər siyasətin uğurudur" RƏY-ÖZƏL

"Forumlar ölkə başçısının həyata keçirdiyi sülhsevər siyasətin uğurudur" RƏY-ÖZƏL

“Bakıda davamlı keçirilən beynəlxalq humanist tədbirlər dünyaya multikultural dəyərlər nümayiş etdirməklə yanaşı, xalqları bəşəri dəyərlər ətrafında birləşdirmək, sülhə çağırış, kimi humanist ideyaları tərənnüm edir. Ötən həftə ölkəmizdə “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bu kimi tədbirlərdən idi”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Forumun ildən-ilə nüfuzunun artdığını deyən deputat söyləyib ki, bəşəri dəyərlərin bərqərar olmasında, humanist məsələlərin təbliğ edilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi rolu olduğunu dünya ictimaiyyəti yüksək dəyərləndirir və layiqincə qiymətləndirir.

Onun sözlərinə görə, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası qütblər arasında, sadəcə, kəsişmə nöqtəsi, körpü rolunu oynamır, həm də dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinə öz müsbət töhfələrini verir.

P.Kərimzadə deyib ki, forum hazırda dünya üçün böyük önəm daşıyan dəyərlərin qorunmasına öz sanballı töhfəsini verir: "Qlobal iqtisadi və mədəni əhəmiyyət daşıyan, multikultural dəyərləri təbliğ edən tədbirlərin keçirildiyi məkan kimi ölkəmizin seçilməsi bir daha göstərir ki, Azərbaycan nəinki coğrafi, həm də siyasi, iqtisadi və mədəni cəhətdən beynəlxalq mərkəzlərdən birinə çevrilib. Dünya miqyasında çox böyük nüfuza malik siyasətçiləri, ictimai xadimləri birləşdirən toplantıların, konfransların, forumların Bakıda keçirilməsi ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sülhsevər siyasətin uğurudur. Tarixən əməkdaşlıq məkanı olan Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də ölkələr, xalqlar arasında körpü rolundan xoş məramından irəli gəlir ”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə