Cari ilin, 2019-cu ilin birinci rübünün müsbət yekunları təsdiq edir ki, Azərbaycan qarşıya qoyduğu hədəfləri uğurla reallaşdırır.Bu da, öz növbəsində, sosial-iqtisadi inkişafın yeni mərhələsini, eyni zamanda yeni yanaşmaları tələb edir. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclasında müəyyənləşdirlən yeni prioritetlər də öz növbəsində 2019-cu ilin bötövlükdə ölkənin sosial-iqtisadi həyatında keyfiyyətcə yeni mərhələ olacağını proqnozlaşdırır.
Azərbaycanın perspektivləri təmin edən yeni reallıqlar yaratmaq, dərinləşən islahatlarla inkişafın yeni mərhələsinə qədəm qoymaq əzmində olduğunu 2019-cu ilin birinci rübünün sosial-iqtisadi yekunlarının təhlili təsdiq edir. Daha dəqiq desək nəticələr gözləntilərə olan ümidləri artırır. İnkişafın davamlı və artan templərlə müşayiət olunması heç də təsadüfi deyil. Son 16 ildə Azərbaycan qədər dünyada inkişaf edən ikinci ölkə olmadığı faktı da təsdiq edir ki, bundan sonra da uğurlar, nailiyyətlər günümüzün reallıqlarıdır.
Statistik gözstəricilər, məsələn, ümumi daxili məhsulun 3%, sənaye istehsalının 4,4%, qeyri-neft sektorunda sənaye istehsalının 15,6%, kənd təsərrüfatının 3,6%, əhalinin gəlirlərinin 5,5% artımı, inflyasiyanın 2,1% səviyyəsində olması, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyuluşu ölkə iqtisadiyyatında müsbət dinamikanın olduğunu isbatlayır.
Yaradılan əlverişli biznes mühiti sərmayələrin qoyulmasına əhəmiyyətli dərəcədə təsir edir və geniş spektr yaradır. Bu baxımdan, yəni sərmayələrin, investisiyaların artımı bundan sonra daha böyük perspektivlər vəd edir. Çünki, istər yerli, istərsə də xarici investorların ölkəmizə marağı, daha doğrusu sərmayə qoymaq marağı artmaqdadır və hazırda Azərbaycan iqtisadiyyatına, xüsusilə qeyri-neft sektoruna yatırılan investisiyaların yüksələn xətlə dinamik artımı bunu əyani şəkildə təsdiqləyir.
Təbii ki, ölkənin iqtisadi potensialının daha da güclənməsində, büdcəyə əlavə vəsaitin daxil olmasında gömrük və vergi orqanlarında işə salınan effektiv mexanizmlər, şəffaflıq, yeni istiqamətdə aparılan islahatlar xüsusilə rol oynayır və müsbət təsirləri danılmazdır. Sözsüz ki, məhz ölkə başçısının rəhbərliyi, tapşırıqları ilə işə salınan bu mexanizmlər, həyata keçirilən islahatlar sayəsində irəliləyişlərə nail olunub. Bu baxımdan Cənab Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin iclasında müəyyənləşdirlən yeni prioritetlər daha böyük ümidlər doğurur və perspektivlərdən xəbər verir.
Ölkə başçısının imzaladığı çoxsaylı fərman və sərəncamlar vətəndaşın rifah halını yaxşılaşdırmaqda dövlətin israrlı mövqeyini nümayiş etdirir
İqtisadiyyatın inkişafı, gəlirlərin artımı, büdcənin genişlənməsi deməkdir və etiraf etmək lazımdır ki, əldə olunan imkanlar ilk növbədə, sosial sahəyə yönəldilir. Vətəndaşların sosial durumunun, yaşayış şəraitinin daha da yaxşılaşdırılması hər zaman olduğu kimi ən prioritet məsələ hesab olunur. Ölkə başçısı dəfələrlə qeyd edib ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan cəmiyyəti də dövlət qayğısının, sosial layihələrin əyani şəkildə şahididir.
Ötən il ərzində və bu ilin 3 ayında Cənab Prezident tərəfindən imzalanan çoxsaylı fərman və sərəncamlar da dövlətin vətəndaşın rifah halını yaxşılaşdırmaqda israrlı mövqeyini tam şəkildə nümayiş etdirir. Minimum əməkhaqqı və minimum pensiyaların təxminən 40%, sosial müavinətlərin orta hesabla 2 dəfə artırılması, məcburi köçkünlərə verilən müavinətlərin, tələbələrin təqaüdünün, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlərin artırılması, 800 000-dən çox insanı əhatə edən problemli kreditlərlə bağlı məsələnin ən yüksək səviyyədə həll olunması, vaxtilə tikilmiş, ancaq istismara qəbul edilməmiş evlərin sənədləşməsi prosesi, ümumilikdə 3 milyondan çox insanı əhatə edən sosial islahatlar paketinin həyata keçirilməsi deyilənlərin sübutudur.
Prezident İlham Əliyevin çıxışında islahatların davam edəcəyini və atılacaq konkret addımları da açıqlaması ölkə vətəndaşlarına olan diqqətin bariz nümunəsidir. Minimum əmək haqlarının, minimum əmək pensiyalarının və sosial müavinətlərin artırılacağı, cari ildə 100-ə yaxın məktəb tikiləcəyi və ya əsaslı təmir ediləcəyi, 10-a yaxın yeni mərkəzi rayon xəstəxanasının fəaliyyətə başlayacağı Azərbaycan cəmiyyəti üçün çox dəyərlidir.
Prezidentin birbaşa ünvanladığı mesajlar hər kəsi vicdanlı olmağa, üzərinə düşən vəzifəni layiqincə, vicdanla yerinə yetirməyə çağırışıdır
İclasda anons edilən və xüsusilə 3 sahəni əhatə edən böyük proses, yəni sosial iqtisadi modelin hazırlanması, kənd təsərrüfatında yeni islahat kursunun elanı və səhiyyə sistemində inqilabi dəyişikliyə səbəb olacaq tibbi sığortanın tətbiqi əslində yeni dövrün astanası, başlanğıcıdır. Məhz buna görə Cənab Prezident islasda vurğulayıb ki, "hər bir sahədə inkişaf üçün böyük meydan var və əgər həmin sahələrə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq". Əslində, bu, ölkə başçısının istər məmurlara, istərsə də ümumilikdə vətəndaşlara ünvanladığı birbaşa mesajlardır. Bu mesajlar sözsüz ki, Cənab Prezidentin hər kəsi vicdanlı olmağa, üzərinə düşən vəzifəni, borcu layiqincə, vicdanla yerinə yetirməyə çağırışıdır.
Müəllifi Prezident İlham Əliyev olan inqilabi dəyişikliklərdə, bu dəyişikliklərin, bu prosesin uğurla aparılmasında fəal iştirak etmək hər kəsin vətəndaşlıq borcudur. Ölkə başçımız ünvanladığı mesajlarda xüsusilə diqqətə çatdırıb ki, hər kəs bu prosesdə yaxından iştirak etməli, öz işinə vicdanla yanaşmalı, ölkəmizin milli maraqlarının, eləcə də təhlükəsizliyinin qorunmasında əlindən gələni əsirgəməməlidir.
Prezidentin tam aydın, hesablanmış strategiyası, konkret hədəfləri var
Prezidentin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı geniş çıxışları konkret hədəfləri əhatə edir. Ölkənin inkişafı ilə bağlı statistik göstəriciləri xatırlatmaqla ölkə rəhbəri yeni iqtisadi modelə keçid üçün bütün mərhələlərin uğurla keçildiyini nəzərə çatdırıb.
Ölkə başçısı çıxışında nəzərə çarpan məqamlar ölkəmizin inkişaf staregiyasının dəqiqliyinə qədər hesablandığını göstərir. Bir sözlə, bütün islahatlara Cənab Prezidentin birbaşa nəzarət etdiyi, hər bir prosesin vaxtında həyata keçməsi üçün hüquqi-qanunvericilik bazası hazırlanmasına istiqamət verdiyi təkzib edilə bilməz. Cənab Prezidentin çıxışından bəlli oldu ki, ölkəmizin qarşıdakı 30 illik inkişafı ilə bağlı tam aydın, ən xırda detallarına qədər hesablanmış strategiyası, konkret hədəfləri var. Statistik göstəricilərdə müşahidə olunan dinamika təsdiq edir ki, ölkəmiz bu hədəflərə çatmaq əzmindədir və ardıcıl dinamik inkişaf günün reallığıdır.
Azərbaycan vətəndaşı tam şəkildə əmindir ki, qarşıya qoyulan bu hədəflərin reallaşdırılması üçün Azərbaycanda güclü siyasi iradə və böyük potensial var. Son 16 ildə şahidi olduğumuz inkişaf yolu, verilən bütün vədlərin layiqincə yerinə yetirilməsi, əldə edilən uğurlar bu həqiqəti təsdiq edir. Eyni zamanda onu da təsdiq edir ki, ölkədə güclü vətəndaş cəmiyyəti, xalq-dövlət, xalq-iqtidar birliyi var və bu birliyin həlledici rolu danılmazdır. Dövlətin və liderin hər zaman vətəndaşının yanında olması, qayğısına qalması da sözsüz ki, bu birliyi daha da gücləndirir. Heç şübhəsiz ki, bu birlik daha güclü inkişafa, daha firavan yaşayışa ümidləri artırır və ölkənin uğurlu gələcəyini təmin edir.
İnam HACIYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB