Və yaxud hər cinayətin altından AXCP və Müsavat çıxır
Bu nə dünən, nə də bu gün. İllərdir ki, Müsavat-AXCP saxta vəsiqələr verib. Bu gün Müsavat partiyasında saxta vəsiqə qalmaqalının böyüməsilə yeni faktların üzə çıxması olmalı idi. Ən gülünc hal isə, AXCP deyir sən saxta vəsiqə alveri edirsən, Müsavat da and-aman edir ki, ay kişilər nə deyirsiniz, günahkar AXCP-dir. Necə deyərlər şap elə bilir günahkar şupdur, şup da şapı qınayır. Ancaq partiya funksioneri Səxavət Soltanlının paylaşdığı statusundan sonra bu məsələ daha da qızışıb: "Bəli Müsavat Partiyasının, rəhbərlərinin adından saxta sənəd düzəldənlər var, biz onların kimlər tərəfindən verilməsinin müəyyənləşməsində ən çox maraqlıyıq. Hüquq-mühafizə orqanlarına müraciət edirik ki, tapın bu cinayətkarları".
Elə bu yerdə deyiblər, dağa-daşa düşməyə nə ehtiyac. İddialarda İsa Qəmbərin Müsavat Partiyası başqanı olduğu dönəmlərdə daha çox yalançı arayış verilməsi məsələsini siz müsavatçılar bilmirdilər? Müsavat Məclisinin keçmiş üzvü Adil Qeybulla bildirib ki, partiyada olanların hamısı yaxşı bilirdi ki, Müsavatın saxta vəsiqələri elə -belə verilmirdi: "Hər vəsiqənin öz qiyməti var idi. Elə bu səbədən də bu gün məsələ kəskinliyi ilə ortaya çıxıbsa, bununla bağlı ciddi araşdırma aparılmalıdır. Məsələni ört-basdır etməkdənsə, bunu aydınlaşdırmaq və tədbirlər görmək lazımdır".
Müsavat Partiyası başqanının keçmiş müavini Qabil Hüseynli də saxta partiya vəsiqələrilə bağlı məsələnin aydınlaşdırılmasının vacib olduğunu bildirib: "Bu çox üzücü hadisədir. İnsanlar xaricə getmək üçün öz ölkələrində müxtəlif saxta yollara əl atırlar, müxtəlif partiyalardan istifadə edirlər. Bu məsələ aydınlaşdırılamlıdır".
Saxta vəsiqə, saxta "müsavatçıdar"...
İsveçdə yaşayan mühacir Sərdar Ağayev bildirib ki, bu kimi saxta sənədlər hələ 2006-cı ildən ortaya çıxmışdı: "O sənədləri hazırlayan və satan da məlum idi. Mən də bir neçə nəfəri tanıyırdım ki, belə sənəd almışdı. O vaxt o saxta sənədi hazırlayan şəxsin Müsavata heç bir aidiyyatı yox idi. Adam oturmuşdu ADP-nin qərargahında, saxta partiya sənədi, polisdən axtarış barədə saxta arayış, saxta məhkəmə hökmü, bir sözlə, nə istəsələr hazırlayıb satırdı. Elə həmin zamanlar da bir Müsavat partiyasına aid saxta bilet ortaya çıxmışdı".
Belçikada yaşayan jurnalist mühacir Zülfiyyə Zahid: "Təkcə Belçikada xeyli sayda saxta müsavatçı, cəbhəçi və nidaçılar var. Bunları pul verib, saxta sənəd aldıqları üçün qınamaq lazım deyil. O sənədləri onlara pulla satan adamlar qınanmalıdır. 300 manata görə minlərlə insanın haqqına girirlər".
2015-ci ildə Belçikada siyasi sığınacaq almağa çalışan Elnur Mirzəyev də "müsavatçı" olması ilə bağlı Müsavat partiyasından pulla saxta sənəd aldığını deyərək bildirib ki, partiyaya üzv olmaq üçün külli miqdarda pul verib: "Konkret rəqəm lazımdırsa, deyim. 1800 manat. Bu hadisə 2011-ci ildə olub. Amma vəsiqəni köhnə tarixlə - 2008-ci ilə verdilər ki, inandırıcı olsun. Özləri də mənə dedilər ki, "2011-ci ilin noyabr ayındakı mitinqlərdə iştirak elə, şəkillərin olsun. O halda mühacirət statusu almağın daha asan olacaq". Onlar özləri orda ticarətlə məşğuldular. Maskaları cırılanda isə məni güdaza vermək istədilər".
Rauf Hüseynov: "Saxta vəsiqə "biznesi"nin bünövrəsini Əli Kərimli qoyub"
Avropa ölkələrindən birində məskunlaşmış və saxta sənəd hazırlamaqda suçlanan Rauf Hüseynov bildirib ki, saxta vəsiqə "biznesi"nin bünövrəsini Əli Kərimli qoyub: "Əli Kərimli arayışları 2500-3000 avroya Hollandiyada yaşayan, "Azadlıq" qəzetinin və "Azərbaycan saatı" verilişinin müxbiri Fikrət Hüseynli ilə əlbir olaraq satırmış".
Tural Abbaslı: "Saxta müxalifətçilər və onlara vəsiqə verən partiya sədrləri ciddi şəkildə cəzalandırılmalıdırlar".
Bu arada, sabiq müsavatçı funksioner, "Ağ Partiya"nın sədri Tural Abbaslının sözügedən mövzu ilə bağlı fikirləri maraq doğurur. T.Abbaslı bildirib ki, ümumiyyətlə, saxta vəsiqə verən partiya sədrləri cəzalandırılmalıdırlar. O, siyasət üzərindən qeyri-qanuni biznes quran "liderləri" dırnaqarası müxalifətçi hesab etdiyini deyərək qeyd edib ki, əslində, bu məsələdə günahkar olan iki tərəf var.
Real müxalifətin bu cür fəaliyyət göstərməli olmadığını deyən "Ağ Partiya" sədri əsl müxalifətçinin elə özünün, eyni zamanda, digər normal fəaliyyət göstərən müxalifət qurumlarının olduğunu bildirib. "Bu məsələdə haqsızlıqlar son dövrlər özünü daha qabarıq şəkildə göstərir"-deyə qeyd edən T.Abbaslı "siyasi mühacir" biznesi ilə məşğul olan düşərgə təmsilçilərinin haqsız olduqlarını vurğulayıb. Partiya sədri qəti şəkildə bu işlə məşğul olanların qanun qarşısında cavab verməli olduqlarını vurğulayıb: "Bu baxımdan, hesab edirəm ki, saxta müxalifətçilər və onlara vəsiqə verən partiya sədrləri ciddi şəkildə cəzalandırılmalıdırlar".
Bütün bunlardan bir daha belə bir nəticəyə gəlmək olar ki, müxalifətin dünəni necə idisə, bu günü də həmin durumu xatırladır. Saxta sənədlərin hazırlanıb paylanması, mühacir biznesləri, belə mənzərənin fonunda daxili çəkişmələrin iyrənc formada təzahürü özlərinə "demokrat" deyənləri xalqın gözündən daha da salır...
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB