Azərbaycan mediası daim dövlətin dəstəyini və qayğısını öz üzərində hiss edib
Media azadlığı hər bir jurnalist üçün əhəmiyyət daşıyan bir faktordur və söz yox ki, istər daxili, istərsə də xarici audittoriyanı informasiya ilə təmin etmək jurnalistlərə heç də asan gəlmir. Çünki qlobal hadisələrin cərəyan etdiyi dünyada müxtəlif sosial, iqtisadi və s. hadisələr baş verir, təzadlar yaşanır. Bu baxımdan, hər il may ayının 3-də Beynəlxalq Media Azadlığı Günü kimi qeyd olunur. Belə ki, hər sivil dövlətdə azad, müstəqil medianın təşəkkül tapması çox vacib bir amildir. Həmçinin, Azad media azad sözün, insan hüquqları və azadlıqlarının həm də qoruyucusu rolunda çıxış edir.
Hətta ABŞ-da və digər Qərb ölkələrində belə, zaman-zaman jurnalistlərin təqib olunmaları, öldürülmələri barədə məlumatlara rast gəlirik
Söz yox ki, bu eyni zamanda şərəfli missiyadır və cəmiyyət, öz növbəsində, jurnalistikaya adekvat diqqət və qayğı ilə cavab verir. Təəssüf ki, dünyanın heç bir yerində mütləq, ideal media azadlığı yoxdur və bu, mümkün də deyil. Hətta ABŞ-da və digər Qərb ölkələrində belə, zaman-zaman jurnalistlərin təqib olunmaları, öldürülmələri barədə məlumatlara rast gəlirik. Habelə, dünyanın müxtəlif qaynar nöqtələrində işlərini, vəzifələrini icra edən neçə-neçə jurnalist həmkarlarımız həyatlarını itiriblər. O cümlədən, böyük ictimai-siyasi proseslərin cərəyan etdiyi Avropa ölkələrində belə, insanlar etirazçılarla yanaşı, onların tələblərini işıqlandıran media nümayəndələrinin polis və s. güclər tərəfindən sıxışdırıldığının şahidlərinə çevriliblər. Fransada, Belçikada, ABŞ-da və s. ölkələrdə bu halları sübuta yetirən çoxsaylı faktlar, dəlillər var. Ona görə də Beynəlxalq Media Azadlığı Günü belə hallar barədə də danışılır, müzakirələr aparılır.
Bu gün biz haqlı olaraq azad mediaya sahib olmağımızla fəxr edirik!
Əlbəttə ki, Azərbaycan xalqı sivil, demokratik düşüncəyə sahib olan xalqlardandır ki, söz, media azadlığını və tolerantlığı özünün mənəvi, əxlaqi və ictimai dəyərlərinə, həyat və düşüncə tərzinə çevirə bilib. Bu gün biz haqlı olaraq azad mediaya sahib olmağımızla fəxr edirik. Ölkəmizdə söz, düşüncə azadlığı bir mütərəqqi ideya olaraq, davamlı inkişaf yolunu tutub. Hətta media azadlığı barədə Azərbaycanın tarixi şəxsiyyətləri də öz kəlamlarını həkk ediblər. Misal üçün, dahi mütəfəkkir Mirzə Fətəli Axundov söz və mətbuat azadlığının milli tərəqqi üçün vacib olduğunu söyləyib. Xalqımızın fikir və qələm dühaları – Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Üzeyir Hacıbəyli və başqaları, ilk növbədə, məhz, mətbu nəşrlər vasitəsilə milli intibahımız yolunda böyük xidmətlər göstəriblər.
Azərbaycan dövləti beynəlxalq birliyin üzvü olaraq, söz və düşüncə azadlıqlarını nəzərdə tutan bütün mühüm sənədləri imzalayıb və onların icra olunmasını təmin edir
Daha sonra – sovetlər dönəmində mətbuata qoyulan sərt senzura və qadağalar tətbiq olundu. Lakin Azərbaycan ötən əsrin sonlarında ikinci dəfə öz istiqlalına qovuşanda, təbii ki, söz, fikir və media azadlığı üçün real üfüqlər açıldı. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilmiş ölkə Konstitusiyasının 47-ci maddəsində hər kəsin fikir və söz azadlığı, 50-ci maddəsində məlumat azadlığı təsbit olundu. Hər kəs istədiyi fikri ifadə etmək azadlığı ilə bərabər, məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq hüququ qazandı. Təqdirəlayiq haldır ki, Azərbaycan dövləti beynəlxalq birliyin üzvü olaraq, söz və düşüncə azadlıqlarını nəzərdə tutan bütün mühüm sənədləri imzalayıb və onların icra olunmasını təmin edir. Belə ki, ölkəmiz Ümumdünya İnsan Hüquqları üzrə Bəyannaməni və “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasını və başqa vacib hüquqi-normativ sənədləri təsdiq edib. Azərbaycanda 1996-cı ildə “Mətbuat azadlığı haqqında”, 2003- cü ildə “İnformasiya azadlığı haqqında” Qanunlar qəbul edilib. Bu tarixi sənədlər dövlət orqanlarını, o cümlədən özəl, fiziki və hüquqi şəxsləri “informasiya sahibi” hesab edir və onların üzərinə konkret vəzifələr qoyur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə söz azadlığının daha da güclənməsi, medianın azad, sərbəst fəaliyyət göstərməsi üçün davamlı işlər görülür.
Söz, fikir və düşüncə azadlığı ölkənin inkişafı, əhalinin rifahı ilə harmonik inkişaf etməlidir
İndi dünyada çox az ölkə tapılar ki, azad media, onun maddi bazasının möhkəmləndirilməsi, jurnalistlərin öz peşə vəzifələrini sərbəst həyata keçirmələri, maddi-məişət şəraitlərinin yaxşılaşdırılması üçün Azərbaycanda olduğu qədər şərait yaradılsın. Burada bir məqamı da vurğulamaq yerinə düşərdi. Belə ki, söz, fikir və düşüncə azadlığı ölkənin inkişafı, əhalinin rifahı ilə harmonik inkişaf etməlidir. Əks halda, cəmiyyətdə radikallaşma baş verə bilər. Bir sıra postsovet ölkələrindən fərqli olaraq Azərbaycanda demokratik proseslər iqtisadi islahatlarla paralel aparılıb. Ölkə vətəndaşlarının siyasi hüquq və vəzifələri onların cəmiyyətin iqtisadi və siyasi idarəedilməsinə cəlb olunmaları ilə bərabər həyata keçirilib. Azərbaycan cəmiyyəti yüksək intellektə, geniş erudisiyaya malik sosiumdur. Bu baxımdan, Azərbaycan öz müstəqilliyini yenidən bərpa edərək azad, sivil, demokratik dövlət quruculuğuna başlayıb. Sirr deyil ki, xalqımız öz azadlığına, bundan sonrakı mərhələdə dünya birliyində öz layiqli yerini tutana qədər ağır, çətin sınaqlardan keçib. Xalqımızın isə bəxti onda gətirib ki, həmin dövrdə ölkəmizə Ulu Öndər Heydər Əliyev kimi dahi siyasətçi başçılıq edib. Millətini sonsuz məhəbbətlə sevən ulu öndərin zəngin siyasi təcrübəsi, qeyri-adi qətiyyəti sayəsində ölkəmizdə dövlətçiliyimizin etibarlı bünövrəsi qoyulub. Ümummilli Lider mətbuatın inkişafına bir an azalmayan qayğı və diqqət ilə yanaşırdı. Azərbaycanda dövlət senzurasının ləğv olunması, qəzet kağızının əlavə dəyər vergisindən azad edilməsi, qəzet redaksiyalarının Azərbaycan nəşriyyatına yığılıb qalmış kifayət qədər böyük borclarının silinməsi və sair bu kimi başqa vacib addımlar ölkəmizdə azad mətbuatın formalaşmasına münbit şərait yaradıb. Ona görə də bizlər tam əminliklə deyirik ki, Heydər Əliyevin milli dövlət quruculuğunda azad mətbuat ilə bağlı siyasəti son 15-16 ildə Prezident İlham Əliyevin liderliyi ilə yeni dövrün reallıqlarına uyğun yaradıcı şəkildə davam etdirilib. Bu gün bütün dünya Prezident İlham Əliyevi xalqının, dövlətinin maraqlarını hər şeydən üstün tutan, ölkəsinin elmi və kadr potensialını uğurla istiqamətləndirə bilən, Azərbaycanın üzləşdiyi problem və çağırışları həll etməyə qadir olan müdrik və qətiyyətli dövlət başçısı kimi tanıyır.
Dünyanın jurnalist cameəsi bu tarixi qürur və fərəhlə qeyd edir
O da təsadüfi deyil ki, bütün uğurlu məqsədə çatmaq üçün ölkəmizdə ardıcıl işlər görülür. 2003-cü il martın 15-də Azərbaycan Mətbuat Şurası ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb və o vaxtdan uğurla fəaliyyət göstərir. Şuranın məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarət etmək, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqə və etimadı möhkəmləndirmək, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaratmaqdır. Yeri gəlmişkən, bu illər ərzində şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyə qədər həlli variantlarının araşdırılması, ölkədə reket jurnalistikasının qarşısının alınması sahəsində faydalı işlər görüb. 2008- ci ildən Azərbaycan Prezidentinin sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradılıb. Fondun əsas vəzifəsi fikir, söz və məlumat azadlığını, plüralizmi inkişaf etdirmək, kütləvi informasiya vasitələri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədi ilə qanunvericiliyi təkmilləşdirmək, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasını möhkəmləndirməkdir. Bu dəstəyin nəticəsi olaraq Azərbaycanın aparıcı qəzet və jurnalları, radio və televiziya kanalları cəmiyyəti maraqlandıran məsələlərə daha çox diqqət yetirir. Fond ayrı- ayrı istiqamətlər üzrə jurnalistlər arasında yazı müsabiqələri təşkil edir ki, bu, mətbuat işçilərini öz üzərində daha çox işləməyə, peşəkarlıqlarını artırmağa sövq edir. Azərbaycan mediası qarşısında duran əsas vəzifələrdən biri də Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaq, Ermənistan dövlətinin təcavüzkar siyasətini ifşa etmək və baş verənləri bilavasitə yerli, həmçinin beynəlxalq media vasitəsi ilə dünyaya çatdırmaqdır.
Beləliklə, Beynəlxalq Media Azadlığı Günü kimi dünya jurnalistləri tərəfindən qeyd edilən 3 may tarixi bir daha mətbuatın azad şəkildə fəaliyyət göstərməsinə önəmli stimul verir. Dünyanın jurnalist cameəsi bu tarixi qürur və fərəhlə qeyd edir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB