Paytaxtımızın dünya standartlarına uyğun təşkil etdiyi "Formula-1"dən xarici mətbuat yazır

Paytaxtımızın dünya standartlarına uyğun təşkil etdiyi "Formula-1"dən xarici mətbuat yazır

Azərbaycanda islami dəyərlərin, islam mədəniyyət nümunələrinin mühafizəsi, islam həmrəylinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq ictimaiyyətin ölkəmizə marağının artmasında əsas amillərdəndir. Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, ideyalarını gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq ölkənin davamlı iqtisadi inkişafı təmin edilib, bölgələr arasında regional tarazlıq bərpa olunub, yerlərdə sosial-mədəni infrastruktur obyektləri qurulub, yeni istehsal, habelə, xidmət müəssisələri istifadəyə verilib. Təbii ki, ölkəmizin müxtəlif istiqamətlər üzrə əldə etdiyi uğurlar, qlobal əhəmiyyətli bir sıra mühüm tədbirlərin təşkilatçısı kimi çıxış etməsi da töhfələr verir. Əbəs yerə deyil ki, bu gün Azərbaycan bütün dünya tərəfindən sülhün, əmin-amanlığın, barışın, birgəyaşayışın məkanı kimi qəbul edilir.

"FORMULA-1"İN MÖHTƏŞƏMLİYİ ÜÇÜN PAYTAXTIMIZDA İSTƏNİLƏN ŞƏRAİT YARADILMIŞDI

Bu günlərdə bütün dünyanın idman nəbzi yenidən Bakıda - Şərq ilə Qərbin koloritinin cəmləşdiyi şəhərdə döyündü. «Formula-1» kimi mühüm yarışın Bakıda keçirilməsi Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu təsdiqləyir. Bütün bunlar Azərbaycanın dünyada getdikcə artan nüfuzundan, siyasi və iqtisadi sahədə qazandığı uğurların yetirində olmasından qaynaqlanır.
Paytaxt Bakıda keçirilən və yarım əsrdən artıq tarixi olan "Formula-1" idman tarixində yeni maraqlı səhifədir. Bakı bütün iştirakçı və qonaqları, hər zaman olduğu kimi, növbəti tədbirdə də ev sahibi olaraq yüksək səviyyədə qarşılayaraq, yarışı uğurla yekunlaşdırdı. 1950-ci ildən etibarən hər il keçirilən "Formula-1"in möhtəşəmliyi üçün paytaxtımızda istənilən şərait yaradılmışdı. Beynəlxalq idman aləmi müstəqillik yolunda uğurla addımlayan Azərbaycanı bir daha tanıdı. Qədim tarixə, zəngin mədəniyyətə, milli-mənəvi dəyərlərə, ən əsası da parlaq idman ənənələrinə malik ölkəmizin güclü potensialı dünyaya bir daha nümayiş etdirildi.
BAKIDA PİLOTLAR ƏFSANƏVİ TARİXİ YERLƏRİ ƏHATƏ EDƏN VƏ HEÇ BİR YERDƏ BƏNZƏRİ OLMAYAN TREKDƏ YARIŞDILAR
Elə bu uğurlu təqdimatın nəticəsidir ki, dünyanda geniş nüfuzu olan KİV-lər "Formula-1" Azərbaycan Qran-Prisini geniş işıqlandırıb. İranın ingilisdilli "PRESS TV" televiziyası Bakıda keçirilən "Formula 1" Azərbaycan Qran-Prisi haqqında süjet təqdim edib. "Formula-1" yarışının Azərbaycan mərhələsinin özünəməxsusluğu ilə seçildiyi vurğulanıb. Bakıda pilotlar qeyri-adi ab-havası ilə seçilən, əfsanəvi tarixi yerləri əhatə edən və heç bir yerdə bənzəri olmayan trekdə yarışıblar. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Diqqətə çatdırılıb ki, pilotlar 6 kilometrlik Bakı şəhər halqasında gərgin idman mübarizəsi aparıblar. Trek Bakının tarixi məkanlarından, dəniz sahilindən keçməklə azarkeşlərdə xoş ovqat yaratmış oldu. Reportajda turnirin yüksək səviyyədə keçirilməsindən, yarışların dünya standartlarına uyğun təşkilindən, habelə idmançılar və azarkeşlər üçün hər cür şəraitin yaradılmasından geniş bəhs olunub. Süjetdə yarışın qalibləri, Qran-Prinin statistik göstəriciləri haqqında da məlumat verilib.
Bolqarıstanın "Eurokom" xəbər portalı da Bakıda keçirilən "Formula 1" SOCAR Azərbaycan Qran-Prisinə geniş yer ayırıb. Portalda yerləşdirilən məqalədə bildirilib ki, Qran-Prinin qalibi olan "Mercedes" komandasının finlandiyalı pilotu Valtteri Bottas bu mövsüm ikinci dəfə finiş xəttinə birinci çatıb. Pilot cari mövsümdə ilk qələbəsini Avstraliya Qran-Prisində qazanıb. Azərbaycan Qran-Prisində qalibiyyət finlandiyalı pilotun karyerasında beşinci qələbəsi olub. O da diqqətə çatdırılıb ki, V.Bottas "Formula 1" SOCAR Azərbaycan Qran-Prisində 51 dövrəni 1 saat 31 dəqiqə 52,942 saniyəyə başa vuraraq qalib gəlib. O, pilotların yarışında 87 xalla birinci sırada olub. V.Bottasın komanda yoldaşı Luis Hamilton 86 xalla ikinci, “Ferrari”nin almaniyalı sürücüsü Sebastian Fettel isə 52 xalla üçüncü yerdə qərarlaşıblar.
Bu və ya digər dünya mətbuatının səhifələrində yer alan məqalələrdə bu idman tədbiri vasitəsilə Bakının gözəlliyi, tarixi məkanları və dinamik inkişafının bütün dünyaya nümayiş etdirilməsi xüsusi vurğulanıb. Bakıda keçirilən yarış zamanı avtomobillər Dənizkənarı Bulvar boyunca və şəhərin ən qədim hissəsi olan, UNESCO-nun dünya irsi siyahısına daxil edilən İçəri Şəhər Tarix-Memarlıq Qoruğunun ətrafında dövr ediblər. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar Azərbaycan paytaxtını seyr edərək, ölkəmiz haqqında olan təsəvvürlərini daha da genişləndiriblər.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə