Ölkəmizdə qida təhlükəsizliyi və keyfiyyətin artırılması istiqamətində müvafiq tədbirlər görülür
Dövlət başçısının Sərəncamı ilə "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi bu sahədə aparılan islahatların davamıdır
Ölkə əhalisinin keyfiyyətli və təhlükəsiz ərzaq mallarına tələbatının daha dolğun və davamlı təmin edilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər müsbət nəticələrini verməkdədir. Ölkədə qida və kənd təsərrüfatı məhsullarının istehsal və idxal-ixrac həcminin artması, istehlakçıların sağlamlığının qorunması kimi şərtlər qida təhlükəsizliyi sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini zəruri edir. Qida təhlükəsizliyi cəmiyyətin inkişafında, gələcək nəsillərin sağlamlığında, insan genofondunun qorunmasında, iqtisadi məhsuldarlığın təmin olunmasında xüsusi əhəmiyyət kəsb edən mühüm bir sahədir. Son illərdə bütün dünyada qida təhlükəsizliyi ilə bağlı yeni çağırışlar meydana gəlməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən institusional islahatların tərkib hissəsi kimi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm addım atılıb. Agentliyin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu yaradılıb.
Qeyd edək ki, indiyədək ölkədə ərzaq təminatı ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı", 2016-cı il tarixli Fərmanı ilə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi" təsdiq edilmiş, həmçinin bu islahatların davamı olaraq məqsədli proqramlar, konsepsiyalar və digər sənədlər qəbul olunmuşdur.
Qida təhlükəsizliyi sahəsində aparılan islahatların davamı olaraq, "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Sərəncama əsasən, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.
Dövlət Proqramının icrası üçün 12 əsas istiqamət üzrə qarşılıqlı əlaqəli tədbirlər müəyyənləşdirilib. Bunlardan bir qida təhlükəsizliyi sahəsində qlobal meyillərdir. Bildiyimiz kimi, bu gün dünyanın hər bir qitəsində qida mənşəli xəstəliklərə yoluxma və qida zəhərlənməsi hallarının artması qeydə alınır. Ümumdünya Səhiyyə Təşkilatının 2017-ci il üçün hesabatına əsasən, dünyada hər il 600 milyon insan, yəni dünya əhalisinin hər on nəfərindən biri qida məhsullarından zəhərlənir. Qida mənşəli xəstəliklər və zəhərlənmə halları həm əhalinin sağlamlığına və rifahına mənfi təsir göstərir. həm də fərdlər, ailələr, icmalar, təsərrüfat subyektləri və ölkələr üçün ağır iqtisadi nəticələrə gətirib çıxarır.
Dövlət Proqramının əsas məqsədləri qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması, əhalinin təhlükəsiz və keyfiyyətli qida ilə təminatının yaxşılaşdırılması, bununla da qida mənşəli xəstəliklərin nəzərəçarpacaq dərəcədə azaldılmasıdır. Qida təhlükəsizliyinin və keyfiyyətinin artırılması istiqamətində müvafiq tədbirlər görməklə, onların rəqabətqabiliyyətliliyinin və xarici bazarlara ixrac potensialının artırılması da əsas məqsədlər sırasındadır. Qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, ölkədə heyvan və bitki sağlamlığının təmin edilməsi nəzərdə tutulur.
Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı planlaşdırılan bütün icra tədbirləri prioritet istiqamətlər üzrə qruplaşdırılıb. Belə ki, qida təhlükəsizliyinın təmin edilməsi istiqamətində infrastruktur təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyi sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi, bu sahəsində elmi sübutlara əsaslanan və beynəlxalq tələblərə cavab verən risklərin təhlili sisteminin formalaşdırılması və s. nəzərdə tutulub.
Bütün bunlar ölkə əhalisinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının artırılması, onun beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədi daşıyır.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB