Erməni nazir yenə sərsəmlədi

İndiyə kimi dünyanın bir çox ölkələrində baş verən münaqişələri Dağlıq Qarabağ üçün presedent hesab edən Ermənistan indi də Sudanın bölünməsindən həvəslənib. SİA-nın məlumatına görə, "Rusiya Today" kanalına müsahibə verən Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Sudanda keçirilən referendumun Dağlıq Qarabağ üçün presedent ola biləcəyini deyib.

 

Ermənistanın heç vaxt tarixi faktları rədd etmədiyini deyən erməni nazir bildirib ki, müxtəlif mübahisəli problemlərin tarixinə göz yummaq Dağlıq Qarabağ probleminin həllinə kömək etməyəcək. Hər konfliktin yaranma səbəbində, xüsusiyyətlərində, dinamikasında və danışıqların formatlarında fərqlilik olduğunu söyləyən E.Nalbandyan onların arasında paralellik aparmağın yanlış olduğunu vurğulayıb. O, bununla belə müxtəlif konfliktlər arasında ümumi elementlərin də olduğunu dilə gətirib.

 

"Dağlıq Qarabağ xalqı"nın da öz müqəddəratının müəyyən etmək üçün digər xalqlarla bərabər hüquqlara malik olduğunu deyən erməni nazir Sudandakı referendumun presedentlər içərisində ən axırıncısı olduğunu söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə