"Siyasi mühacirlərin" deportasiyası nə qədər mümkündür?
Uzun müddətdir ki, Azərbaycan dövlətinin və xalqının maraqlarına, dəyərlərinə zidd fəaliyyət göstərən radikal müxalifət və onların Avropadakı "söyüş qrupları" ciddi şəkildə təlaşlanmağa başlayıblar. Çünki, eyni zamanda söyüş şəbəkəsi kimi tanınan və özlərini gah "dissident", gah da "siyasi mühacirlər" kimi təqdim edərək, saxta vasitələrlə sığınacaq alanların necə deyərlər, "quyruqları qapı arasında" qalmaq üzrədir. SİA-nın əldə etdiyi məlumatlara görə, məhz bu və s. amillərə görə anti-milli qüvvələr Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanması gözlənilən sazişdən kəskin narahatlıq hissləri keçirməyə başlayıblar. Bu səbəbdən də, həmin sazişə qarşı əks-təbliğat kampaniyaları aparırlar.
Məlum ünsürlər qanunun müvafiq müddəalarına əsasən, məsuliyyət daşıyacaq, törətdikləri mənfur əməllərinə görə mütləq şəkildə cavab verməli olacaqlar
Daha dəqiq desək, müxalifətin bu sözügedən saziş layihəsinə "siyasi mühacir" adı ilə Avropaya sığınmış şəxslərin Azərbaycana deportasiya olunacağı ilə bağlı maddə də daxil edilib. Əgər bu reallaşarsa, məlum ünsürlər qanunun müvafiq müddəalarına əsasən, məsuliyyət daşıyacaq, törətdikləri mənfur əməllərinə görə mütləq şəkildə cavab verməli olacaqlar.
Daha bir səbəb isə, AXCP, Müsavat və s. radikal müxalifət partiyalarının saxta arayış bizneslərinə köklü zərbə vurması ilə bağlıdır. Sirr deyil ki, hazırkı dövrə qədər "arayış alveri", "mühacir biznesi" adları altında "qaz vurub, qazan dolduran" radikal müxalifət liderlərinin bazarlarını bilavasitə sözügedən saziş "öldürəcək". O cümlədən, illərdir ki, gizli saxlamağa çalışdıqları bütün paxırları üzə çıxacaq – "Açılacaq sandıq, töküləcək pambıq"...
Avropanın müəyyən anti-Azərbayan dairələri də fəaliyyətlərini ölkəmiz, dövlətimiz əleyhinə qura bilməyəcəklər
Onların hər biri əslində, hər şeyi çox yaxşı anlayırlar. Bilirlər ki, həm radikal müxalifət partiyalarının bəlli biznesləri məhv olacaq, həm də Avropanın müxtəlif ölkələrində "müxalifətçilik" adı altında fəaliyyət göstərən şəxslər isə sazişin qüvvəyə minməsi ilə Azərbaycana deportasiya olunacaqlar. Beləliklə, həm radikal müxalifətin, həm də xaricdəki anti-milli dairələrin Avropa İttifaqı ilə imzalanacaq sazişin əleyhinə kampaniya aparmalarının, təlaş və kəskin narahatlıq keçirmələrinin səbəbi qeyd edilən amillər üzündəndir. Bu, həm də belə deməyə əsas verir ki, artıq Avropanın müəyyən anti-Azərbayan dairələri də fəaliyyətlərini ölkəmiz, dövlətimiz əleyhinə qura bilməyəcəklər. Hətta bunu etmək istəsələr belə, onlara uzun illərdir nökərçilik edən radikallardan istədikləri kimi bəhrə almaq imkanlarını itirəcəklər.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB