SƏLİS vətəndaş cəmiyyətinə xidmət edən mühüm yenilik, uğurlu modeldir
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yeni brendi olan SƏLİS Xidmətinin e-vətəndaş proqramının növbəti təqdimatı Binəqədi rayon ictimaiyyətinə təqdim olunub. Təqdimat mərasimində çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov həyata keçirilən islahatlar, uğurlu sosial siyasət, vətəndaş cəmiyyətinin inkişafı üçün atılan addımlar, bu istiqamətdə qəbul olunan müvafiq qanunlar haqda danışıb. Bildirib ki, son dövrlərdə yaradılan innovativ, müasir ASAN xidmət, ABAD, DOST layihələri əhali məmnunluğunun təmin olunması, keyfiyyətli xidmət göstərilməsi, korrupsiya, bürokratiyanın qarşısının alınması və digər prinsiplər üçün dövlət başçısının xüsusi diqqətində olan məsələdir.
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev çıxış edərək BDU və ADU-dan sonra SƏLİS-in təqdimatının Binəqədidə təşkil edilməsi yenilikliyə və innovativ layihələrə rayon rəhbərliyinin hər zaman açıq olması ilə izah edib: «Gələn rəylər deməyə əsas verir ki, SƏLİS vətəndaş cəmiyyətinə xidmət edən mühüm yenilik, uğurlu modeldir. Müqavilə imzalama prosesi çox rahat istifadəyə gətirilib, sadələşdirilib. Misal üçün, e-növbə vasitəsilə 20 saniyəyə növbəyə yazılıb, 1 dəqiqəyə müqavilə imzalamaq mümkündür.»
A.Quliyev bildirib ki, Şura yeganə donor təşkilatdır ki, öz qərarını mübahisələndirməyə şərait yaradır: «Fəxrlə deyə bilərik ki, SƏLİS və ona daxil olan elektron vətəndaş proqramı çox unikal sistemdir və dünyada ikinci bir donor yoxdur ki, QHT-lərin layihələrinin qiymətləndirilməsi prosesinə vətəndaşları cəlb etsin. Biz bunu tətbiq etməklə qərar qəbulu prosesini tam şəffaflaşdırır və vətəndaşların bu prosesdə yaxından iştirakını təmin edirik.» QHT sədri Billurə Məmmədova SƏLİS xidmətdən yararlanmasından danışıb. Bildirib ki, az müddətdə növbədə dayanıb, çox qısa müddətdə müqaviləni imzalayıb və bildiriş elektron qaydada əldə edib.
Tədbirdə Şuranın əməkdaşı Elnur Bağırlının «e-vətəndaş proqramından istifadə qaydalarının təqdimatı» haqqında çıxışı dinlənilib. Tədbirdə iştirakçılar arasından könüllü olaraq seçilən Binəqədi sakini İsa Bayramov e-vətəndaş xidmətindən ilk yararlananlardan olub.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB