" İlk addım ərazilərin işğaldan azad edilməsindən başlanmalıdır" AÇIQLAMA-ÖZƏL
“Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün Vaşinqtonda keçirilməsi ilə bağlı ABŞ tərəfindən edilən təklif və ümumiyyətlə prosesin həlli istiqamətində fəallığını müsbət qiymətləndirirəm. Çünki, bu addımlar ilk növbədə hansısa ölkənin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirilən proseslərin əlində cəmləşməsi cəhdinin qarşısını alır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Münaqişə ilə bağlı proseslərin bir əldə cəmləşməsi ilə əlaqədar cəhdlərin edildiyini deyən deputat söyləyib ki, Ermənistanın sahibləri dəfələrlə bu prosesi öz nəzarətində saxlamağa çalışırlar.
Onun sözlərinə görə, XİN başçılarının növbəti görüşünün Vaşinqtonda baş tutması ilə bağlı verilən təklif yaxşı haldır: “Ümidvaram ki, danışıqlar zamanı hüququn aliliyinə diqqət edilməlidir. Ermənistan Azərbaycanın ərazisini işğal etməklə beynəlxalq hüquq normalarını kobud şəkildə pozub, danışıqların ən əsas mövzusu məhz işğal olunmuş ərazilərin azad edilməsi ilə əlaqədar bağlı olmalıdır”.
Vaşinqton görüşündə aparılan müzakirələrin ən azı ciddi, real məsələlər ətrafında aparılmağın vacibliyini dilə gətirən A. Mollazadə vurğulayıb ki, ilk addım Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsindən başlanmalıdır: “Mən əminəm ki, bu addımdan sonra qarşılıqlı inam, digər addımlar atıla bilər. Amma ərazilərin işğaldan azad edilməsi bütün proseslərin başlanğıcı olmalıdır”.
Deputat qeyd edib ki, həmsədrlər, beynəlxalq təşkilatlar ən azı prosesə dəstək vermək üçün danışıqlar predmetini də məhz ərazilərimizin işğaldan azad edilməsi üzərində qurmalıdırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB