“500 milyon tamaşaçı Azərbaycan haqqında əlavə məlumat aldı” ÖZƏL-RƏY
“Ümumiyyətlə Formula-1 yarışları kütləvi tamaşaçı auditoriyasına görə, dünyada ikinci yeri tutur. Hesablamalara görə, Formula-1 yarışları təqribən 500 milyonluq bir auditoriya tərəfindən izlənilir. Bu əslində Azərbaycanın paytaxtı Bakının birdən-birə 500 milyonluq bir auditoriyaya göstərilməsidir. Düşünürəm ki, adi bir vaxtda bunu təşkil etmək və birdən-birə Bakının küçələrini, “İçəri Şəhəri”, “Qoşa-Qala” qapısını, “Qız” qalasını, Dənizkənarı Milli Bulvarımızı və bu kimi mühüm əhəmiyyət kəsb edən digər məntəqləri 500 milyonluq auditoriyaya göstərmək üçün küllü miqdarda vəsait tələb olunardı. Bəlkə də heç bunu təşkil etmək mümkün olmazdı. Amma Formula-1 yarışlarında birdən-birə 500 milyon tamaşaçı Azərbaycan haqqında əlavə məlumat aldı”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkilinin sözlərinə görə, Formula-1 yarışları həm turistlərin ölkəmizə cəlb olunması baxımından mühüm bir reklam idi, həm də Azərbaycanın idman ölkəsi və dünyaya təqdim olunması baxımından əhəmiyyətli idi: “Şübhəsiz ki, bunun çoxsaylı tərəfləri var. Bilirik ki, Formula-1 elitar yarış hesab olunur. Formula-1 yarışlarını Bakıda izlməyə gələn tamaşaçıların, idmansevərlərin də böyük əksəriyyəti bu təbəqəyə aid olan insanlar idi. Dolayısı ilə bu yarışın təşkilində sadə insanlarla bərabər, eyni zamanda dünyanın idman, siyasi və iqtisadi elitası da Bakı haqqında məlumatlar əldə etdi. Bu heç şübhəsiz ki, gələcəkdə də Azərbaycana turizm axınını təmin edəcək vasitələrdən birinə çevrildi.
Bütövlükdə isə ümumi qiymətləndirməyə çalışsaq, şübhəsiz ki, bu cür mötəbər yarışlar inkişaf etmiş, sabit və idmansevər, mədəni ölkələrdə keçirilir. Bu cür yarışların keçirildiyi məkan qlobal ictimai rəydə inkişaf etmiş dövlət adı ilə assosasiya olunur. Düşünürəm ki, bu da Azərbaycan üçün əhəmiyyətli bir məsələdir. Məsələnin iqtisadi tərəflərinə gəlincə isə bununla bağlı Azərbaycanda iqtisadçılar danışıblar. Bu cür yarışların Azərbaycanda keçirilməsi ölkəmizin bir daha idman ölkəsi olmasından, mədəniyyət mərkəzi olmasından, Azərbaycanın sivil dünyaya aid olmasından xəbər verən bir hadisə idi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB