Aydın Mirzəzadə: “Bəxtiyar Hacıyev kimiləri sağlam təfəkkürlü olsaydılar, vətəndaşlıq borcuna bu cür məsuliyyətsiz şəkildə davranmazdılar” - MÜNASİBƏT

Aydın Mirzəzadə: “Bəxtiyar Hacıyev kimiləri sağlam təfəkkürlü olsaydılar, vətəndaşlıq borcuna bu cür məsuliyyətsiz şəkildə davranmazdılar” - MÜNASİBƏT

Azərbaycanın Baş Prokurorluğu Bəxtiyar Hacıyev barəsində cinayət işinin başlanması ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumatda bildirilir ki, 1982-ci ildə anadan olmuş, Gəncə şəhər sakini Hacıyev Bəxtiyar İlyas oğlu 02 yanvar 2004-cü il tarixdə Gəncə şəhəri Nizami rayon Hərbi Komissarlığında həkim komissiyasından keçərək hərbi xidmətə yararlı hesab edilib. Qeyd olunub ki, həqiqi hərbi xidmətə çağırışla bağlı Bəxtiyar Hacıyevə ilk dəfə Ağdaş Özəl Türk Litseyində təhsil alması, sonradan 2000-2004-cü illərdə Bakı Dövlət Universitetindəki təhsili, 2004-2006-cı illərdə isə Xəzər Universitetində təhsilini davam etdirməsi ilə əlaqədar hərbi komissarlıq tərəfindən möhlət hüququ verilib.

Bəxtiyar Hacıyev 30 iyun 2006-cı il tarixdə möhlət hüququnun bitməsinə rəğmən, eləcə də həmin tarixdən qeydiyyatda olduğu Gəncə şəhəri Nizami rayon Hərbi Komissarlığının ona göndərdiyi çağırış vərəqəsini almasına baxmayaraq Hərbi Komissarlığa getməyib.

Bəxtiyar Hacıyev 10 iyul 2010-cu il tarixdə Gəncə şəhəri Nizami RHK-ya çağırılaraq təkrar tibbi komissiyadan keçib və hərbi xidmətə yararlı hesab edilib. Onun adı 08 sentyabr 2010-cu il tarixdə 2010-cu ilin oktyabr çağırışına çağırılmalı olan çağırışçıların siyahısına əlavə olunaraq həqiqi hərbi xidmət keçmək üçün müvafiq hərbi hissəyə təyin edilib. Lakin o, növbəti dəfə çağırışın aparıldığı vaxtda komissarlığa getməyib.

Bəxtiyar Hacıyev 19 noyabr 2010-cu il tarixdə Azərbaycan-Gürcüstan sərhədində saxlanılaraq Nizami RHK-a gətirilib və ona həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar həkim komissiyasından keçməsi təklif olunub. Lakin o, həkim komissiyasından keçməkdən, çağırış vərəqəsinə və iltizama imza etməkdən imtina edib. Nəticədə, qanunamüvafiq olaraq, 27 dekabr 2010-cu il tarixdə Gəncə şəhəri Nizami RHK tərəfindən Bəxtiyar Hacıyevin hərbi xidmətdən boyun qaçırması ilə əlaqədar toplanmış materiallar Gəncə Şəhər Prokurorluğuna göndərilib.

Araşdırmalarla əlaqədar Bəxtiyar Hacıyev 28, 30 dekabr 2010-cu il, 01 yanvar 2011-ci il tarixlərdə məktublar yazılmaqla poçt, 06 yanvar 2011-ci ildə isə telefon vasitəsilə çağırılmasına baxmayaraq, prokurorluğa gəlməkdən imtina edib. 24 yanvar 2011-ci il tarixdə Bəxtiyar Hacıyev Azərbaycan-Gürcüstan sərhədində saxlanılaraq Gəncə şəhəri Nizami RHK-ya gətirilib, lakin o, hərbi xidmətə getməkdən yenidən imtina edib.

Həmin tarixdə hərbi xidmət keçməkdən boyun qaçırdığına görə Bəxtiyar Hacıyev barəsində Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 321.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə cinayət işi başlanıb. İstintaqın gedişi müddətində bir sıra radikal müxalifət dairələri tərəfindən qeyri-ciddi açıqlamalar verilib, Hacıyevin həbsi ilə bağlı həqiqətlərə sığmayan məlumatlar yayılıb. Qeyd olunub ki, guya Bəxtiyar Hacıyev alternativ xidmətdən yararlanmaq istəyib və bu onun müəyyən xəstəliyi ilə əlaqədardır. Eyni zamanda, onun həqiqi hərbi xidmətdən yayınmasında əqidəsizlik və zəiflik kimi amillərin də mövcudluğu aşkar olunub.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən millət vəkili Aydın Mirzəzadənin fikrincə, bir balaca siyasi hadisəyə görə siyasi müxalifətin iç üzü açılmış olur. Hərbi xidmət keçməkdən imtina edən şəxs siyasi müxalifətdə qəhrəman obraza çevrilir. Bu şəxs dövlətə və dövlətçiliyə barmaqarası baxdığını sübut edir. Konstitusiyanın tələbinə görə hər bir vətəndaş qanun qarşısında bərabərhüquqludur və qanunlara riayət etməlidir. Bəxtiyar Hacıyev adlı bir gənc artıq uzun müddətdir ki, gah təhsil, gah sağlamlıq, gah da seçkilərdə iştirak etdiyini bəhanə edərək hərbi xidmətdən yayınmaq istəyir. Onun həyasızcasına verdiyi bir neçə fikir mənim diqqətimi cəlb etdi. O deyir ki, Azərbaycan ordusunun problemləri həll edilibmi ki, mən də həmin orduda xidmət edim? Bu gün özünü siyasi şəxs kimi göstərən həmin insan hərbi xidmət keçmiş insanlara ikinci şəxs kimi baxır. Yekəxanalıq və Konstitusiya tələblərinə biganəlik bu gəncin dilindən çox açıq şəkildə bəyan edilir. Eyni zamanda, haqqında danışdığımız Bəxtiyar Hacıyev Azərbaycan siyasi müxalifətin yetirməsidir. Qanunlara hörmətsizlik, vətəndaşlıq hüquqlarına riayət etməkdən çəkinmək, bütün bunlar özünü digərlərindən üstün bilmək faktorlarıdır və tez-tez onun nədənsə Amerikanın Harvard Universitetini bitirməsi haqda müxalifət tərəfindən fikirlər səsləndirilir. Məgər Harvard Universitetini bitirmək həmin şəxslərin hansısa vətəndaş hüquqlarına xidmət etməkdən azadmı edir? Bu gün ətrafında yaranan ajiotaj siyasi dividend götürməkdən başqa bir şey deyil. İnanmıram ki, onların müraciət etdikləri hər hansı beynəlxalq təşkilatlar onlara önəm versinlər. Məncə heç bir beynəlxalq təşkilat, heç bir beynəlxalq qurum hər hansı bir vətəndaşın hərbi xidmətdən boyun qaçırmasına yaxşı bir iş kimi qiymətləndirməz. O ki qaldı, alternativ xidmət məsələsinə, özünü parlamentdə görmək istəyən birinin, daha sonradan hansısa xəstəxanada sanitar işləməsi və ya tikintilərdə fəhlə kimi çalışması onun necə "vətənpərvər" olduğunu sərgiləyir.

Mənim övladım ötən il ali məktəbi bitirdi, magistraturaya qəbul olundu bəzi problemlərin olmasına baxmayaraq, bütün şanslardan imtina edərək, həbi xidmətə getdi və mən bir əsgər atası kimi oğlumun hərbi xidmət çəkməsi ilə, vətən qarşısında borcunu yerinə yetirməsi ilə fəxr edirəm. Mən deyərdim ki, bəlkə də, Bəxtiyar Hacıyev kimiləri sağlam təfəkkürlü olsaydılar, vətəndaşlıq borcuna bu cür məsuliyyətsiz şəkildə davranmazdılar. Baş prokurorluq tərəfindən verilən müfəssəl bəyanat da bütün bunların sırf hüquqi məsələ olduğunu göstərir. Mən bir daha təkrar edərdim ki, hər kəsin hüququ qanun qarşısında birdir. Və qanunu yerinə yetirməyən bu qanunun qarşısında mütləq cavab verməlidir. Bu gün vətən qarşısında öz əsgər borcunu yerinə yetirməyən şəxs görünür, həbsxanada məhbus olmaqdan qürur duyur. Necə deyərlər, hər kəs öz yerini özü seçir.

Millət vəkili Gülər Əhmədova isə bildirib ki, Bəxtiyar Hacıyevlə bağlı məsələni xeyli rəsmiləşdiririk və bu cür xırda məsələnin müəyyən qüvvələr tərəfindən qabardılması heç bir məntiqə sığmır. Mənə bir şey də çox maraqlı görünür ki, vaxtilə deputatlığa namizədliyini vermiş Bəxtiyar Hacıyev öz təbirincə işıqlı gələcəkdən, xoşbəxtlikdən və səadətdən danışırdı. Bu gün isə onun əsgəri xidmətdən boyun qaçırması namizədlik vaxtı söylədiyi fikirlərlə qətiyyən üst-üstə düşmür. Artıq onun seçki dövründəki sözləri unudulub və Bəxtiyar Hacıyev hazırda alternativ xidmətdən bəhs edir. Mən çox istərdim ki, o, seçki vaxtı işlətdiyi ifadələri bir daha yadına salsın, Konstitusiyanın hüquqlarını bir daha xatırlayaraq, hərbi xidmətə getməkdən yayınmasın. Hər bir Azərbaycan vətəndaşının Konstitusiya və qanunlar qarşısında öz hüquqları var. Bildirmək istərdim ki, Amerikada və digər xarici ölkələrdə təhsil alan bir çox azərbaycanlı tələbələr var və onlar da nüfuzlu universitetlərdə mükəmməl təhsillərini davam etdirirlər. Lakin bütün bunlara rəğmən onların hərbi xidmət zamanları çatdıqda hər birisi vətəninə dönərək, layiqincə vətən qarşısındakı borclarını ödəyirlər. Eyni zamanda da, inanıram ki, Bəxtiyar Hacıyev bir sıra xarici təşkilatların tapşırıqlarını yerinə yetirən siyasi müxalifətçidir.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, hər bir Azərbaycan vətəndaşı hərbi xidmət keçməsi çox vacib amillərdən biridir. Bu gün işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması üçün hər bir Azərbaycan gənci öz əzmini, iradəsini ortaya qoymalıdır. Qanuna müvafiq olaraq hər bir vətəndaş 35 yaşına qədər bu borcunu yerinə yetirməlidir. Eyni zamanda, hər bir Azərbaycan vətəndaşının konstitusion hüquqları var və qanunların aliliyi bu Konstitusiyanın müqabilində nəzərə alınmalıdır. Vəzifəsindən asılı olmayaraq, istər media, istər KİV, istərsə də hüquq müdafiəçisi olmasına baxmayaraq, hər bir vətəndaşın qanunun aliliyi qarşısında cavabdehliyi mövcuddur. Əgər qanun pozuntusu baş verərsə, həmin şəxs qanun qarşısında cavab verməlidir. Müəyyən qüvvələrin hər hansı bir hadisədən yararlanması, eyni zamanda siyasi qüvvələrin yararlanmaq məqsədi güdür və bunu yanlış şəkildə ictimaiyyətə təqdim edirlər. Şəxsən mən bu məsələlərə sensasiya kimi baxmıram. Bəxtiyar məsələsi şəxsən mənim üçün o qədər kiçik məsələdir ki, bu məsələ qanun çərçivəsində baxılırsa, artıq mənim münasibətimə elə bir ehtiyac qalmır.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, general Əlağa Hüseynov məsələ ilə bağlı mətbuata verdiyi açıqlamasında deyib ki, indiki zamanda alternativ xidmətlə bağlı ancaq Azərbaycanın düşmənləri məsələ irəli sürə bilərlər: "Bilirsiniz, bizim əsgərimiz kimisə öldürmək üçün hərbi xidmət keçmir. Bizim ordumuz ərazi bütövlüyümüzü təmin etməlidir. Hansı qüvvələr ki, ərazi bütövlüyümüzə qarşıdırsa, əsgərlərimiz də ona qarşı olacaq. Dünyanın bütün ölkələrinin ordusunun əsas vəzifəsi bundan ibarətdir. İndi bizim torpaqlarımızın 20 faizi işğal altındadır. Biz neyləməliyik? Hər bir vətəndaş torpaqlarımızın bütövlüyünə çalışmalıdır. Belə bir zamanda Azərbaycan üçün alternativ hərbi xidmət istəmək Vətənə xəyanət deməkdir. Bu, birmənalıdır. Onun ardınca da müxtəlif dini cərəyanlara xidmət edənlər bəyan edəcəklər ki, biz əsgərliyə getmək istəmirik".

General hesab edir ki Azərbaycanın torpaqları işğaldan azad olunandan sonra alternativ həri xidmət məsələsinə baxmaq olar: "O zaman alternativ hərbi xidmət çəkənlərin sayı həqiqi hərbi xidmət çəkənlərin sayından 2 dəfə çox olmalıdır. Qoy həqiqi hərbi xidməti bacarmayanlar gedib süpürgəçilik etsinlər, bağban işləsinlər, sanitary-təmizlik işləri ilə məşğul olsunlar".

General Türkiyə təcrübəsindən misal gətirərək qeyd edib ki, 75 milyon əhalisi olan bir ölkədə alternativ hərbi xidmət yoxdur: "Hətta dünyanın ayrı-ayrı ölkələrində yaşayan gənc türklər Türkiyədə hərbi xidmət keçməkdən qürur duyurlar. Bilmirəm, bu məsələni niyə indi ortaya atırlar, indiki zamanda Azərbaycan vətəndaşı belə iddiamı irəli sürər? Hər halda, bir də təkrar etmək istyirəm ki, bunu irəli sürənlər Azərbaycanın düşmənləridir".

Komitənin digər üzvü Elman Məmmədov isə bildirib ki, Azərbaycanda "Alternativ hərbi xidmət haqqında" qanun qəbul edilmədiyi halda, özünə alternativ hərbi xidmət istəmək Vətənə xəyanətdir. "Burada məqsəd cəmiyətdə hərbi xidmətlə bağlı qarışıqlıq yaratmaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə