“Hər yarışı təqribən 420 milyon televiziya tamaşaçısı izləyir" ÖZƏL-ŞƏRH

“Hər yarışı təqribən 420 milyon televiziya tamaşaçısı izləyir" ÖZƏL-ŞƏRH

“Azərbaycanda növbəti dəfə “Formula-1” yarışları keçirilir. Yüksək səviyyədə keçən yarışlar hər zaman dünya ictimaiyyətinin diqqətində olur. “Formula-1” yarışları dünyanın ən çox izlənilən və ən prestijli idman yarışları sırasındadır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

Deputatın sözlərinə görə, “Formula-1” yarışları bir çox xüsusiyyətlərinə görə bu dəfə xeyli fərqlənib: “Hər yarışı təqribən 420 milyon televiziya tamaşaçısı izləyir. Bakıda keçirilən yarış həm də yolun uzunluğuna, sürət imkanlarına və ən əsası da şəhər içində keçirilməsinə görə fərqlənir. Əslində yarış iştirakçılarının dediyinə görə, Bakı yolu digər bir neçə yolun qarışığından yaranan özünəməxsus yoldur”.

Deputat dünya təcrübəsində “Formula-1” yarışlarından əldə olunan maliyyə gəlirlərinin hesablanması və təhlilindən danışıb: “Artıq bütün idman yarışlarının həm də iqtisadi və siyasi tərəfləri mövcuddur. Bu müasir dünyanın reallığıdır. İqtisadi hesablamalar həmişə maraq kəsb edib. “Formula-1” yarışlarının iqtisadi faydası spesifik iqtisadi hesablamalar ilə aparılır.

Beynəlxalq iqtisadi təhlil mərkəzləri də hər yarışdan sonra bununla bağlı xüsusi hesabatlar da hazırlayırlar. İlkin təhlil aparmaq üçün bir sıra rəqəmlərə diqqət yetirmək lazım. Adətən dünyanın bütün ölkələri “Formula-1” yarışlarını əsasən ölkənin, şəhərin tanıdılması, turistlərin cəlb olunması və dolayısı ilə iqtisadiyyatın qazanması məqsədilə təşkil edirlər. Və hər bir ölkə bunun üçün büdcə vəsaitlərindən istifadə edir.

Yarışların sponsorlarının (yollarda, avtomobillərin üzərində, pilotların geyimlərində olan markalar) 3 gün ərzində reklam kontaktlarının dəyəri orta hesabla 70 milyon dollar miqyasında qiymətləndirilir. Bu o demek ki, 420 milyon insan televiziya ekranlarında yarışlar zamanı neçə dəfə o markaları görürsə, o saya çatmaq üçün televiziya reklamlarının adi agent qiymətləri 70 milyon dollar dəyərindədir. Sponsorlar içində ən çox reklam kontakti “Red Bull” markasına aiddir, bu kontaktların dəyəri 22-27 milyon dollar miqyasında qiymətləndirilir”.

“Belə mötəbər yarışların keçirilməsi bu sadaladığım göstəricilərin təmin olunmasını bütün dünyaya nümayiş etdirir. Bu isə xarici investisiyaların daha intensiv cəlb olunması, onların özləri ilə bərabər müasir texnologiyaları gətirməsi və bütün bunların nəticəsi kimi iqtisadiyyatın inkişaf edərək, əhalinin sosial rifahının yaxşılaşması ilə nəticələnir”-deyə, iqtisadçı deputat bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə