Azərbaycanlı iş adamlarının xarici ölkələrin nazirləri, baş nazir və ya prezidentləri ilə görüşüləri təşkil olunacaq

Azərbaycanlı iş adamlarının xarici ölkələrin nazirləri, baş nazir və ya prezidentləri ilə görüşüləri təşkil olunacaq
Xəzər Avropa İnteqrasiya Klubu azərbaycanlı iş adamlarının xarici ölkələrin nazirləri, baş nazir və ya prezidentləri ilə görüşlərini təşkil etməyi planlaşdırır. Bu barədə SİA-ya klubun mətbuat xidmətinin rəhbəri Ceyhun Bayramov açıqlamasında deyib. O bildirib ki, görüşlərə fevral ayında start veriləcək. Görüşlər haqqında hazırlanan planın tam təsdiq olunmadığını dilə gətirən mətbuat xidmətinin rəhbəri dəqiq vaxt söyləməyə çətinlik çəkib. O deyib ki, görüşlərin ayda bir dəfə keçirilməsi planlaşdırılsa da dəvət olunan rəsmilərin ölkəmizə səfəri ilə əlaqədar vaxt dəyişikliyi mümkündür. " Görüşlərə Xəzəryanı, Batikyanı və MDB ölkələrin rəsmilərini dəvət etməyi nəzərdə tutmuşuq. Biz bu görüşləri ayda bir dəfə həyata keçirməyi düşünürük. Amma rəsmilərin razılaşmasına görə, bu tez və ya bir aydan gec də ola bilər. Hazırda isə bu görüşlərin təşkili ilə bağlı plan üzərində iş gedir. Yaxın vaxtda plan təsdiqlənəcək və mediaya təqdim olunacaq. Hazırki planımızda ölkə rəsmilərinin iş adamları ilə görüşləri öz əksini tapıb. Biz demək olar ki, həftədə bir dəfə bu görüşləri təşkil edirik. Cari ildə artıq 3 görüş keçirilib. Bu işləri ilin sonuna qədər davam etdirməyi düşünürük".- deyə C. Bayramov qeyd edib. Klubun cari ildə həyata keçirəcəyi digər işləri haqqında da məlumat verən mətbuat xidmətinin rəhbəri qurumun aprel ayında Xəzər Avropa Biznes Forumun keçirəcəyini dilə gətirib. O bildirib ki, həmin forumda dövlət rəsmilərindən əlavə Ukrayna, Rusiya və digər ölkələrin rəsmiləri də iştirak edəcəklər. Daha sonra o cari ilin noyabr ayında klubun təşkilatçılığı ilə Brüsseldə (Belçika) keçiriləcək I Xəzər-Avropa Enerji Forumu ilə bağlı məlumat verib. Onun sözlərinə görə, sözügedən forumda Xəzər və Qara dəniz regionu və Avropa İttifaqı ölkələrinin dövlət başçıları və hökumət rəhbərləri, həmçinin dövlət və transmilli enerji şirkətləri rəsmilərinin iştirakı gözlənilir: "İki gün davam edəcək forumun ilk günü yüksək səviyyəli rəsmi görüşlər, ikinci günü isə enerji şirkətlərinin rəhbərlərinin çıxışları nəzərdə tutulur".

Bütün xəbərlər Facebook səhifəmizdə