Gəncədə əhalinin mavi yanacağa görə 853 min manat borcu yaranıb

Gəncədə əhalinin mavi yanacağa görə 853 min manat borcu yaranıb

Gəncə şəhər Qaz İstismarı İdarəsi növbəti reydlərə başlayıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, yoxlamalarda məqsəd qaz sayğaclarına müdaxilə, mavi yanacaqdan qanunsuz istifadə hallarının qarşısının alınmasına yönəlib.

Gəncənin müxtəlif istiqamətlərində aparılan reydlər göstərib ki, son aylar Gəncədə mavi yanacaqdan qanunsuz istifadə edən abonentlərin sayı çoxalıb. Vətəndaşlar isə istər smartkart tipli, istərsə də mexaniki sayğaclara müdaxilə etməkdən çəkinmir. Təkcə bir ay ərzində 44 müdaxilə halı aşkar edilib.

Reydlər zamanı il ərzində işlətdiyi mavi yanacağa görə borcunu ödəməyənlərin siyahısı da dəqiqləşdirilib və onların mənzillərinə qazın verilişi dayandırılıb.

Yoxlamalar zamanı məlum olub ki, abonentlər arasında işlətdikləri mavi yanacağın müqabilində Gəncə şəhər Qaz İstismarı İdarəsinə 300, 500, 600, hətta 1000 manatadək borcu olanlar var.

İdarənin rəis müavini Şubay Nəsibov SİA-ya bildirib ki, 2009-cu ilin oktyabr ayının 1-dən bu günə kimi əhalinin Gəncə Qaz İstismarı İdarəsinə 853 min manatlıq borcu yaranıb. Təxminən iki gün ərzində aparılan reydlərdə 100-ə yaxın abonentin qazı kəsilib.

Bütün xəbərlər Facebook səhifəmizdə