Ombudsman: “Ümidvaram ki, Amnistiya Aktına səs verilicək və müvafiq qanun qəbul olunacaq”

Ombudsman: “Ümidvaram ki, Amnistiya Aktına səs verilicək və müvafiq qanun qəbul olunacaq”
"Parlamentə Amnistiya Aktı ilə bağlı təklif vermişəm. Çox sevindirici haldır ki, Milli Məclisin ayrı-ayrı deputatları buna müsbət yanaşırlar. Ümidvaram ki, ümumilikdə Amnistiya Aktına səs veriləcək və müvafiq qanun qəbul olunacaq". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında ombudsman Elmira Süleymanova məlumat verib. O bildirib ki, Amnistiya Aktının bu il qəbulu bizə xüsusilə lazımdır, çünki cari il ölkədə müstəqil Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyi, Azərbaycanın Avropa Şurasını üzv qəbul olunmasının 10 illiyi, ölkənin Avropa İnsan Hüquqları Konvensiya və İşgəncələr Əleyhinə Konvensiyaya qoşulmasının 10 illiyi qeyd olunur. Onun sözlərinə görə, digər tərəfdən İnsan Hüquqları üzrə Müvəkkili haqqında qanunun qəbul olunmasından 10 il keçir: "Mən inanıram ki, buna dəstək veriləcək və daha minlərlə məhkum öz ailəsinə, sağlam həyat tərzinə qovuşacaq. Onların yenidən cəmiyyətə sağlam bir vətəndaş kimi qayıtması çox mühüm məsələdir".

Amnistiya Aktının nə qədər insana şamil olunacağına gəlincə, ombudsman qeyd edib ki, bu barədə hələ ki, bir söz demək olmaz. Bu günə kimi ölkədə 9 amnistiya, 48 əfv fərmanının imzalandığını söyləyən E.Süleymanova vurğulayıb ki, digər ölkələrdə belə hallarla qarşılaşmaq mümkün deyil.

"Əgər əfvlər fərdi məhkuma ünvanlanırsa, onun özünün cəza müddəti, cəzaçəkmə müəssisəsində davranış qayda-qanunlarını pozması şərt olaraq nəzərə alınır. Cənab prezidentə də bununla bağlı müraciət etmişəm və İlham Əliyev də bu fikrə hörmətlə yanaşdı. Ən əvvəl istər amnistiya, istərsə də əfvdə qadınlara, ahıllara ağır xəstələrə, yeniyetmələrə üstünlük verilir və bu olduqca humanist addımdır", - deyə o bildirib.

Ombudsman qeyd edib ki, bu günlərdə Milli Məclisdə yeni sessiya başlayır və millət vəkilləri tətildən qayıdacaqlar. Onun fikrincə, Amnistiya Aktının nə vaxt və necə qəbul olunacağı artıq Milli Məclisdən asılıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə