“Təhsildə İKT-nin tətbiqi - bilik, təcrübə, texnologiya” adlı baxış-sərgi keçirilib - TƏDBİR

“Təhsildə İKT-nin tətbiqi - bilik, təcrübə, texnologiya” adlı baxış-sərgi keçirilib - TƏDBİR
Bu gün Əl Oyunları İdman Sarayında "Təhsildə İKT-nin tətbiqi–bilik, təcrübə, texnologiya" adlı baxış-sərgi keçirilib. SİA-nın xəbərinə görə, tədbir Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.

Sərginin açılış mərasimində çıxış edən BŞTİ-nin müdiri Nailə Razaquliyeva bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd paytaxt məktəblərində elektron tədris resurslarından, internet texnologiyalarından tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaqdır. Onun sözlərinə görə, eyni zamanda tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək də əsas məqsədlərdəndir. İdarə müdiri vurğulayıb ki, tədbirin əsas hissəsi paytaxt məktəblərinin müəllim və şagirdlərinin İKT sahəsindəki nailiyyətlərinin nümayişinə həsr edilib.

"Təhsil müəssisələrində İKT-dən istifadəyə imkan verən ən mühüm dövlət sənədi 2004-cü ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən imzalanan "Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatına dair" Dövlət Proqramı (2005-2007-ci illər) olub və bu proqramın icrası 2 il ərzində uğurla başa çatdırılıb. Proqramın icrası nəticəsində Bakının ümumtəhsil məktəblərinə dövlət xətti ilə 8342 ədəd, digər qurumların xətti ilə 1208 ədəd olmaqla cəmii 9550 ədəd kompyuter verilib. Bunun nəticəsində nəzərdə tutulan 33 şagirdə bir kompyuter nisbətindən yaxşı nəticə əldə olunub və bu rəqəm 29 şagirdə 1 kompyuter nisbəti təmin olunub. Dövlət Proqramı nəticəsində əldə olunan nəticələrdən biri də paytaxtın 300-dən artıq məktəbin lokal şəbəkəyə qoşulması olub", - deyə o əlavə edib.

Tədbirin davamında çıxış edən Ombudsman Elmira Süleymanova bu gün ölkənin təhsili yüksək səviyyədə inkişaf edirsə, o, hər hansı bir ölkə ilə mübarizədə, rəqabətdə uda bilir. Ölkənin təhsil sistemində yeni tədris vasitələrinə, üsullarına keçirldiyini deyən ombudsman burada İKT-nin çox böyük rola malik olduğunu deyib: "Artıq bu gün ölkənin rayon və kənd məktəblərində şagirdlərin kompyuterlə işlədiyinin şahidi oluruq. Bu da təhsildə İKT-nin tətbiqinin uğurla icra olunmasının bariz nümunəsidir".

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev son 5 ildə ölkənin bütün sahələrində olduğu kimi təhsil sahəsinin də inkişaf etdiyini qeyd edib. O bidriib ki, təhsil sahəsində gedən islahatlar digər nazirliklərlə müqayisədə ən çətin və məsuliyyətlidir: "Çünki bu gün cəmiyyətin hər bir təbəqəsinin təhsillə əlaqəsi var. Azərbaycan xalqının gələcəyi onun gənclərindən və onların aldığı təhsildən asılıdır. Ancaq gənclər müasir dövrə uyğun İKT-dən istifadəni bacarmasa, o həyatda özünə yer tapa bilməz".

Sərgidə çıxış edən təhsil naziri Misir Mərdanov təhsil sistemində İKT-nin tətbiqi istiqamətində görülən işlər barədə məlumat verib. Onun sözlərinə görə, son bir neçə ilin müqayisəli təhlili göstərir ki, Bakı şəhəri çox səmərəli fəaliyyət göstərib. Nazir qeyd edib ki, Bakı şəhər məzunlarının əldə etdiyi nailiyyətlər idarənin öz işinin öhdəsindən layiqli səviyyədə gəldiyini sübut edir.

"Artıq belə bir tədbir Bakı şəhər Təhsil İdarəsi tərəfindən II dəfədir ki, keçirilir. Mən çox inanırdım ki, bu tədbirdə Azərbaycanın elitası iştirak edəcək. Ancaq təəssüflər olsun ki, bunun şahidi olmadım. Dünən nazirlikdə keçirilən tədbirdən sonra onları şəxsən dəvət etsəm də iştirak etmədilər. Demək ki, biz hələ də təhsili cəmiyyətə lazımi səviyyədə təqdim də bilməmişik. Müxtəlif üsullardan istifadə edərək elə etməliyik ki, hər kəs təhsil sistemində baş verən hadisələrə maraqlı olsun və keçirilən tədbirlərdə böyük məmnuniyyətlə iştirak etsin", - deyə o əlavə edib.

Tədbirin açılış mərasimindən sonra qonaqlar sərgi ilə tanış olub, paytaxt məktəblərinin təqdim etdiyi yeniliklərə baxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə