Paytaxt Bakı "Formula-1" yarışlarına start verdi


Ölkəmizin bütün sahələrində, o cümlədən kənd təsərrüfatında, kosmik və hərbi sənayedə, səhiyyədə, təhsildə və s. əldə olunan uğurları, eləcə də, beynəlxalq arenada qurduğu əməkdaşlıq münasibətləri və davamlı inkişafı Azərbaycanın dünyada tanınmasına, söz və nüfuz sahibinə çevrilməsinə səbəb olan amillərdir. Azərbaycan qeyd olunan sahələrlə yanaşı, tolerant və multikultural dəyərlərə malik dövlət kimi də dünyada tanınır. Ölkəmizdə beynəlxalq tədbirlərin təşkili Azərbaycan dövlətinin sülhsevər olduğunu və multikulturalizm siyasətini bir daha dünya ictimaiyyətinə təqdim edir. Beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün ölkəmizə olan etimad Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasının göstəricisidir. Eyni zamanda, bütün bu tədbirlər Azərbaycanın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirir.
Bu gün ölkəmizdə möhtəşəm "Formula-1" yarışlarına start verildi. Artıq 4-cü dəfədir ki, paytaxt Bakıda keçirilən yarım əsrdən artıq tarixi olan "Formula-1" idman tarixində yeni maraqlı səhifədir. 1950-ci ildən etibarən hər il keçirilən "Formula-1"in möhtəşəmliyi üçün paytaxtımızda istənilən şərait yaradılıb. Əminliklə vurğulamaq olar ki, yarışların müvəffəqiyyətlə keçirilməsinə Bakı tam hazırdır. Bu günə qədər yarışların uğurla keçirilməsi üçün bir çox tədbirlər görülüb.
"FORMULA-1" KİMİ BİZİM TURİZM POTENSİALINA DƏSTƏK VERƏN İKİNCİ BEYNƏLXALQ TƏDBİR OLA BİLMƏZ"
Ötən il Bakıda keçirilən "Formula-1" Avropa Qran-Prisi yarışlarını dünyanın 200 qədər ölkəsində 500 milyondan çox azarkeş televiziya vasitəsilə izlədi. "Formula-1" üzrə dünya çempionatının tamaşaçı auditoriyası bütün qitələri əhatə etdi. Amerika, Avropa, Avstraliya, Asiya və Afrika ölkələrinin televiziya kanalları yarışları müntəzəm yayımladılar. 500 milyon televiziya tamaşaçısının Avropa Qran-Prisində ən güclü pilotlarının mübarizəsini izləməklə yanaşı, şəhərimizin gözəlliyi ilə tanış olub, müasirliklə qədimliyin simvollarını özündə birləşdirən Bakı haqqında geniş məlumat əldə edə bildilər. ABŞ-ın, Böyük Britaniyanın, Kanadanın, Fransanın, İspaniyanın, Avstraliyanın, Braziliyanın, Portuqaliyanın, Almaniyanın, İtaliyanın, Cənubi Afrika Respublikasının, Rusiyanın, Yaponiyanın, Polşanın, Hindistanın məşhur televiziya kanalları Bakı Qran-Prisini yayımlamaqla yanaşı, paytaxtımıza həsr olunan 200-ə yaxın reportaj və material hazırladılar. Azərbaycanın beynəlxalq nüfuzlu yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi, qədim tarixi abidələrimiz diqqətdən kənarda qalmadı.
İnsanların televiziya vasitəsilə birbaşa izlədiyi yarışların keçirildiyi məkan şəhər halqası olduğundan, onlar təkcə avtomobilləri deyil, inkişaf etmiş Bakının gözəlliyini ətraflı görə bilirlər. "Formula-1" Azərbaycanı dünyaya tanıtmaq üçün ən yaxşı nümunə kimi dəyərləndirilir. "Formula-1" yarışı ölkəmizin təbliği, eləcə də, turistlərin cəlb edilməsi baxımından, ideal imkanlar yaratmış olur. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "Formula-1" kimi bizim turizm potensialına dəstək verən ikinci beynəlxalq tədbir ola bilməz: "...ikinci belə beynəlxalq tədbir ancaq Yay Olimpiya Oyunları ola bilər. Amma Yay Olimpiya Oyunları bir dəfə keçirilir. Özü də o qədər böyük - milyardlarla vəsait tələb edir. Ancaq "Formula-1" hər il keçirilir".
BAKI NÖVBƏTİ DƏFƏ DÜNYA TAMAŞAÇILARINA VƏ ŞƏHƏRİMİZİN QONAQLARINA MARAQLI İDMAN YARIŞI TƏQDİM EDİR
Təbii ki, növbəti dəfə paytaxtımızda keçirilən "Formula-1" yarışları yüksək standartlara cavab verəcək. Təhlükəsizlik, infrastruktur hazırlığı, kütləvi tədbirlərin keçirilməsi ilə bağlı təşkilati və texniki bazanın mövcudluğu bunun əyani göstəricisidir. Aprelin 26-28-də keçiriləcək yarışlar zamanı əyləncəli proqramlar da təqdim olunacaq. Belə ki, "Brit" mükafatlı müğənni aprelin 27-də Bakıda konsert verəcək. "Formula 1" SOCAR Azərbaycan Qran-Prisinin yarış həftəsonunun şənbə günündə - aprelin 27-də səhhətinə görə konsert proqramını ləğv etməli olan Sem Smiti həmin gün "Price Tag", "Domino" və "Bang Bang" kimi hit mahnıları ilə tanınan və albomları milyonlarla satılan Cessi Cey əvəz edəcək.
"Baku Crystal Hall"da baş tutacaq konsert "Formula 1" yarış həftəsonunun əyləncə proqramına daha bir möhtəşəm ad əlavə edəcək.
Bütün bilet sahibləri "Baku Crystal Hall"da dünya ulduzlarının iştirakı ilə keçiriləcək axşam konsertlərini pulsuz izləyə biləcəklər. Tamaşaçıların Bakı şəhər halqasından "Baku Crystal Hall"a gediş və gəlişi avtobuslar vasitəsilə həyata keçiriləcək.
Tamaşaçıların konsert zonasına rahat gediş-gəlişini təmin etmək üçün xüsusi avtobuslar fəaliyyət göstərəcək. Bir daha gözəl yarışlar izlənəcək və hamı Bakı küçələrində sürücülərin mübarizəsinə şahid olacaq.
Bu dəfə də Bakı dünya tamaşaçılarına və şəhərimizin qonaqlarına maraqlı idman yarışı təqdim etməklə yanaşı, Azərbaycanın belə mötəbər yarışlara uğurla ev sahibliyi etdiyini nümayiş etdirəcək. "Formula-1" tamaşaçıları ölkəmizdə gedən inkişaf proseslərinin şahidi olacaqlar. Ölkəmizə gələn əcnəbi qonaqlar burada yaradılan infrastrukturu, bütün sahələrdə tərəqqini, nadir arxitekturanı, ölkənin qədim tarixi və zəngin çoxəsrlik mədəniyyətini, həmçinin, sabitliyi və təhlükəsizliyi öz gözləri ilə görəcəklər. Bütün bunlar dövlət başçısı Prezident İlham Əliyevin ölkənin kompleks şəkildə inkişafına dair uzaqgörən və müdrik strategiyası ilə bağlıdır. Əminliklə demək olar ki, bu gün Azərbaycan özünü təsdiq edən zəngin və güclü dövlətdir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə