Sərdar Cəlaloğludan Əli Kərimliyə "mitinqbaz" atmacası MÜXALİFƏT

Sərdar Cəlaloğludan Əli Kərimliyə "mitinqbaz" atmacası MÜXALİFƏT

ADP sədri: “Apardığı siyasəti yanlış taktika hesab edirəm”

AXCP sədri Əli Kərimlinin “Milli Şura” adından ardıcıl mitinqlər keçirmək cəhədləri ADP sədri Sərdar Cəlaloğlu tərəfindən düzgün qərar olmaması ilə əlaqələndirilib. Belə ki, “demokratların” sədri mitinq keçirmək üçün sosial sifarişin olmadığına işarə edərək, aksiyalar keçirmək marağında olan cəbhəçiləri mitinqbaz adlandırıb və siyasi fəaliyyətlərində seçdikləri bu yolu yanlış adlandırıb.

SİA xəbər verir ki, mətbuata açıqlamasında “Mən müxalifətin mitinq taktikasının yanlış olduğunu düşünürəm”, fikrini irəli sürən ADP sədri həmçinin hesab edir ki, mitinq qərarlarının verilməsi demokratiyaya vurulan zərbədir.

“Bu cür taktika əslində demokratiyaya vurulan zərbədir”

Daha dəqiq desək, ortada mitinq keçirmək, hər hansı bir məsələyə etiraz etmək üçün səbəbin olmadığını bildirən Cəlaloğlu sözlərini belə əlaqələndirib ki, eyni zamanda, hətta səbəblər olsa belə onların da təxirə salınması bütövlükdə mitinq iddiasında olanların geriyə çəkilməsi kimi qiymətləndirilə bilər. SİTAT: “Bu cür taktika əslində demokratiyaya vurulan zərbədir. İkincisi, mitinqlərlə bağlı qərarlar o zaman qəbul edilməlidir ki, mitinqlərin predmeti həlli təxirə salınmaz ciddi problemlərlə bağlı olsun. Əgər hər dəfə mitinq təxirə salınırsa, o deməkdir ki, onun keçirilməsi ilə bağlı səbəblər də təxirə salınan səbəblərdir. Belədirsə, onda nəyə görə bu siyasi qüvvələr mitinq təyin etmək taktikasından istifadə edirlər? Bu da yanlışdır”.

ADP sədri müasir zamanda sosial şəbəkələrin insanların öz fikirlərini ictimailəşdirməyə kifayət qədər imkan verdiyini də xatırladaraq ona da eyham vurub ki, bu gün sosial şəbəkələrdə ən çox var-gəl edənlər də məhz Ə.Kərimlinin adamlarıdır. Əgər onlar bu vasitədən istifadə edirlərsə, bu zaman mitiqlərlə bağlı qərara gəlinməsi, ardınca isə həmin müraciətlərə mənfi cavabların verilməsi birbaşa müxalifətin zəifliyini aşkara çıxarır.

“İki həftədən bir mitinq haqqında qərar qəbul etmək qeyri-ciddi davranışdan başqa bir şey deyil”

“Demokratik mübarizənin çoxlu sayda üsulu, taktikası var. Mitinq, sadəcə, bu üsulların biridir”, deyən S.Cəlaloğlu deyib: “Mitinqlərin hədəfləri ilə bağlı məsələləri mitinqlərsiz də ictimaiyyətin diqqət mərkəzinə gətirmək mümkündür…Müxalifətin isə sosial şəbəkəyə çıxışı var. Burada da Bakı Şəhər İcra Hakimiyyətindən icazə almağa ehtiyac yoxdur. Sosial şəbəkələr müxalifətin imkanlarını artırır. Ona görə də Azərbaycan müxalifətinin mitinqbaz hissəsinin apardığı siyasəti yanlış taktika hesab edirəm. Əgər doğrudan da mitinq keçirmək vacibdirsə, hakimiyyətin buna icazə verib-verməməyindən asılı olmayaraq mitinqlər keçirilməlidir. Yox, əgər bu mitinqlər vacib deyilsə, onda iki həftədən bir mitinq haqqında qərar qəbul etmək qeyri-ciddi davranışdan başqa bir şey deyil”.

Daha bir maraqlı məqama toxunan ADP sədrinə görə, AXCP-“Milli Şuta” cütlüyü mitinqlərə icazənin verilməməsini Avropa Məhkəməsinə şikayət etmək üçün vasitə kimi hesab edirlərsə, burada da yanılırlar. “Məqsəd Avropa Məhkəməsinə şikayət üçün hüququ əsaslar yaratmaqdırsa, bunun özü də yanlış taktikadır”, deyən Cəlaloğlu düşərgənin mitinqbaz hissəsinin bənzər iddialarının onlara jeç bir səmərə verməyəcəyini əsaslandıran fikirlərini ortaya qoyub.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə