"Anti-milli qüvvələr Azərbaycanın imicinə xələl gətirməyə çalışırlar" AÇIQLAMA - ÖZƏL

“2018-ci ildə keçirilən prezident seçkilərindən ötən 1 il müddətində dövlət başçısı İlham Əliyev tərəfindən aparılan islahatlar, eyni zamanda insanların, vətəndaşların, xalqımızın sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar, imzalanan sərəncamlar təkcə son ilin uğuru deyil. Bu uğurlar Azərbaycan Prezidenti tərəfindən 2003-cü ildən indiyədək həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Son illər ölkəmizə daha çox valyuta axının gəldiyini, eləcə də ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini deyən deputat söyləyib ki, bunun nəticəsində də Azərbaycanda aparılan islahatlar daha da dərinləşib və əhatə dairəsi genişlənib.

Deputat təəssüflə bildirib ki, ölkəmizdə əldə olunan uğurlara istər daxildə yaşayan 90-cı illərin qalıqlar, istərsə də xaricdə fəaliyyət göstərən anti-milli qüvvələr tərəfindən müxtəlif kampaniyalar vasitəsilə kölgə salınmağa çalışılır: “Göründüyü kimi Azərbaycan vətəndaşının sosial rifah halının yaxşılaşdırılması istiqamətində aparılan addımlar onların xoşuna gəlmir. Məhz bu baxımdan da həmin qüvvələr müxtəlif təhqirlər, şər, böhtan yolu ilə ölkəmizin imicinə xələl gətirməyə, Azərbaycanın artan qüvvəsinə qarşı çıxmağa çalışırlar. Anti- Azərbaycan qüvvələrinin məqsədi ölkədə xaos, anarxiya yaradaraq ölkənin inkişafına maneə yaratmaqdır”.

C. Osmanov qeyd edib ki, sözügedən qüvvələrin bütün cəhdlərinə baxmayaraq, xalqımızın Prezident İlham Əliyevin ətrafında birləşməsi onların indiyə qədər reallaşmayan istəklərinin mümkünsüzlüyünü bir daha sübut etmiş olur: “Bir birliyi göstərən faktlardan biri Fransanın “Opinion Way” şirkətinin sorğusudur ki, sorğuya əsasən respondentlərin 90 faizi ölkə başçısını dəstəklədiklərini təsdiq etdilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə