Məleykə Abbaszadə: “Orta məktəblərdə istifadə etdiyimiz qiymətləndirmə proseduru beynəlxalq prosedura uyğun gəlmir”

Məleykə Abbaszadə: “Orta məktəblərdə istifadə etdiyimiz qiymətləndirmə proseduru beynəlxalq prosedura uyğun gəlmir”

"Bizim indiyə kimi orta məktəblərdə istifadə etdiyimiz qiymətləndirmə prosesi beynəlxalq qiymətləndirmə prosesinə uyğun gəlmir". Bu fikirləri SİA-ya açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, təhsildə müasirləşmə davamlı şəkildə aparılmalıdır: "Biz hazırda mövcud olan milli proqramımızı və təhsilin məzmununu saxlamaqla eyni zamanda müasirləşməliyik. Buna görə də bu istiqamətdə addımlar atmaq bizim üçün çox vacibdir. Artıq bu addımlar atılmaqdadır".

 

TQDK sədri eyni zamanda bildirib ki, 2009-ci ilə nisbətən 2010-cu ildə orta təhsil məktəblərində qiymətləndirmədə artım müşahidə olunub: "Biz Təhsil Nazirliyi ilə birgə 2009-cu illə ötən ilin nəticələrini araşdırdıq və qiymətləndirmədə bir az artımın şahidi olduq. Bu çox yaxşıdır. Məhz buna görə bu istiqamətdə apardığımız işin nəticəsi müsbət ola bilər. Eyni zamanda biz fevral ayında ilk regional konfrans keçirəcəyik. Ümidvaram ki, Təhsil Nazirliyinin əməkdaşları da bu konfransda iştirak edəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə