Rövşən Novruzoğlu: “Zaman gələcək, Azərbaycan hökuməti münaqişəni uzatdığı üçün Minsk qrupunu məhkəməyə verəcək” - Eksklüziv

Rövşən Novruzoğlu: “Zaman gələcək, Azərbaycan hökuməti münaqişəni uzatdığı üçün Minsk qrupunu məhkəməyə verəcək” - Eksklüziv
"ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağla bağlı imzaladığı 19136 sənəd var. Amma ortada heç nə yoxdur". Bu barədə SİA-ya siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Rövşən Novruzoğlu açıqlamasında deyib. O bildirib ki, Minsk qrupu öz nizamnaməsində münaqişə həll edən təşkilat olmadığını qeyd edib. Minsk qrupunda 564 nəfər çalışdığını deyən politoloq onun 81 faizinin ermənilərdən ibarət olduğunu dilə gətirib.

Minsk qrupunun indiyə qədər münaqişə həll etmədiyini söyləyən R. Novruzoğlu onların sadəcə münaqişənin həll olunması istiqamətində balans yaratdığını qeyd edib: "Balans yaradan təşkilat bizim nəyimizə gərəkdir? Zaman gələcək, Azərbaycan hökuməti, dövləti bizi aldatdığı, münaqişəni uzatdığı, ortaya qeyri-real məsələlər qoyduğu üçün Minsk qrupunu məhkəməyə verəcək. Lakin münaqişənin həlli Minsk qrupu ilə mümkün deyil. Axtarsaq, Minsk qrupunun üzvlərinin hamısının cibində "Daşnaksütun" partiyasının bileti var".

Problemi İran, Gürcüstan, Rusiya, Türkiyədən ibarət olan bir toplum vasitəsilə həll etməyin mümkün olduğunu vurğulayan politoloqun fikrincə, bu ölkələrdən ibarət yeni forma yaranmalıdır. Onun sözlərinə görə, qonşuların bir-birinə nə torpaq iddiası varsa, onu qonşular həll etməlidir: "Bunun üzərində layihə işlənməlidir. Qonşuluq məqamını qorumaq lazımdır. Bundan əlavə dövlət başçısı bir neçə il bundan qabaq söyləmişdi ki, informasiyalı hücuma keçmək lazımdır. Xeyli müddət keçsə də heç bir informasiya hücumu edilməyib. Amma prezidentin bu faktından istifadə edərək ermənilər Praqada böyük bir araşdırma mərkəzi açdılar. Bu gün 18 ölkədə Dağlıq Qarabağın nümayəndəliyi açılıb. Bunları araşdırmaq, tənqid etmək lazımdır. İnformasiya müharibəsində gecikmək lazım deyil, kimdə informasiya varsa, hakimiyyət də ondadır".

Ermənistanın müharibə iddiasına gəlincə R. Novruzoğlu bildirib ki, nə Ermənistan, nə də ki Azərbaycan müharibə həvəsində deyil. Onun sözlərinə görə, Ermənistanın qeyri- konstruktiv mövqedə dayanaraq münaqişənin həllinin uzatmaqda məqsədi Dağlıq Qarabağın iki yerə parçalanmasıdır. Politoloq vurğulayıb ki, düşmən ölkə Dağlıq Qarabağın parçalanmasını istəyir.

"Pentaqon öz strateji araşdırmalar məkəzində göstərir ki, 2020-ci ildə dünyada 100 xırda ölkə yaranacaq. Onlardanda biri Dağlıq Qarabağ olacaq. Bu yaxınlarda mərkəzi kəşfiyyat idarəsinin arxivləri açıldı. 48-ci illərin sənədlərində Dağlıq Qarabağ Ermənistanın bir parçası kimi göstərilib. O zamana qədər Amerikanın bütün dövlət sənədlərində, bütün xəritələrdə Dağlıq Qarabağ Ermənistanın tərkibində göstərilib. Biz bunlara qarşı mübarizə aparmalıyıq",- deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə