Əli Əhmədov: “Kiminsə sərsəm bəyanatlar verməsindən asılı olmayaraq Azərbaycan xalqı bir qarış belə torpağı kiməsə bağışlamaq fikrində deyil”

Əli Əhmədov: “Kiminsə sərsəm bəyanatlar verməsindən asılı olmayaraq Azərbaycan xalqı bir qarış belə torpağı kiməsə bağışlamaq fikrində deyil”
"Azərbaycan bir qarış belə torpağını kiməsə bağışlamayacaq. Ölkə prezidenti də açıq şəkildə bəyan edib ki, bizim bir qarış da torpağımızı kiməsə güzəştə getmək niyyətimiz yoxdur". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov Ermənistan prezidenti Serj Sarkisyanın "Azərbaycana bir qarış da torpaq verməyəcəyik" bəyanatına münasibət bildirərkən deyib. O bildirib ki, bu S.Sarkisyanın növbəti "sarsaq" bəyanatlarından biridir. Onun sözlərinə görə, bizim indiyə qədər apardığımız danışıqların dinc yolla nizama salınmasında və bu istiqamətdə atdığımız addımlarda qarşıya qoyduğu məqsəd ondan ibarətdir ki, Azərbaycanın bütün işğal olunmuş torpaqları işğaldan azad olsun, Azərbaycanın ərazi bütövlüyü təmin olunsun. Ə.Əhmədov qeyd edib ki, Azərbaycanın haqq işi, beynəlxalq hüququ, Azərbaycan xalqının iradəsi bunu həm tələb, həm də mümkün edir: "Bundan əlavə, Azərbaycanın gündən-günə artan iqtisadi potensialı buna imkan yaradır. Azərbaycan ordusunun artan qüdrəti, əsgərlərimizin mətinliyi, qəhrəmanlığa hər an hazır olması qarşımıza qoyduğumuz şərəfli və milli vəzifəyə çatmağımızı mümkün edir. Bu mümkün mütləq olacaq. S.Sarkisyan başda olmaqla, kimin belə sərsəm bəyanat vermələrindən asılı olmayaraq, Azərbaycan xalqı bir qarış belə torpağı kiməsə bağışlamaq fikrində deyil. Azərbaycanın hər bir vətəndaşı öz torpaqlarını azad etmək üçün ölümə getməyə qədər hər bir fədəkarlığa hazırdır. Bu qüvvənin qarşısında heç bir sərsəm bəyanatlar tab gətirə bilməz".

YAP-ın sədr müavini qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarını bu günə kimi işğal altında saxlaması bütövlükdə dünya dövlətlərinin əksəriyyəti tərəfindən pislənilib. İranın da bu məsələyə rəsmi şəkildə öz mövqeyini bildirdiyini deyən Ə.Əhmədov vurğulayıb ki, istəyimiz Azərbaycan torpaqlarının işğaldan azad olmasıdır.

"Nə qədər ki, Ermənistan işğal altında saxladığı Azərbaycanın torpaqlarını işğaldan azad etmir, bu o qədər Ermənistanın özü üçün çox ciddi iqtisadi və digər xarakterli problemlərə gətirib çıxaracaq. Bu yalnız Ermənistanın işğalçılıq siyasətinin nəticələridir ki, onun ağır bəhrələrini indi görməkdədir. Təəssüf hissi ilə bildirirəm ki, Azərbaycanın qonşuları içərisində kimsə təcavüzkara açıq şəkildə olmasa da gizli şəkildə, mahiyyət etibarı ilə dəstək verir. Bizim üçün çox ağırdır ki, bu dəstəyi verən bizim qonşumuzdur. Tarixi və mədəni tellərlə Azərbaycana bağlı olan dövlətdir, əlbəttə bu bizi incidir. Biz çox istərdik ki, təcavüzkara öz təcavüzkarlıq əməllərini davam etdirmək üçün kimsə dəstək verməsin, xüsusilə İrandan belə bir dəstək olmasın. İranın Azərbaycanın torpaqlarını işğal etmiş bir dövlətə bu formada dəstək verməsini qəti şəkildə pisləyirik", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə