Əli Əhmədov: "Azərbaycan başqa dövlətlərin daxili işlərinə qarışmadığı kimi, başqa bir dövlət də Azərbaycanın daxili işlərinə qarışmamalıdır"

Əli Əhmədov: "Azərbaycan başqa dövlətlərin daxili işlərinə qarışmadığı kimi, başqa bir dövlət də Azərbaycanın daxili işlərinə qarışmamalıdır"
"Bizə qonşu dövlətlərdən biri olan İranın televiziya kanalında Azərbaycanla bağlı xoşagəlməz fikirlər səsləndirilirsə, əlbəttə bunu çox pis qiymətləndirirəm". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov deyib. O bildirib ki, İranla Azərbaycan təkcə qonşu dövlətlər deyil, onları bir-birinə bağlayan çoxlu tarixi tellər var. Digər bir tərəfdən İranda çoxlu sayda etnik azərbaycanlıların yaşadığını deyən sədr müavini vurğulayıb ki, bunların hamısı İran və Azərbaycan münasibətlərinə xüsusi bir rəng verir. Onun sözlərinə görə, bütün bunların fonunda İranın kütləvi informasiya vasitələrində, elektron KİV-lərdə, həmçinin "Səhər" televiziya kanalında Azərbaycanla bağlı, bizim qonşuluq siyasətimizin fəlsəfəsinə, mahiyyətinə, tarixinə, bəlkə də bu gününə uyğun gəlməyən təbliğat aparılırsa, bütövlükdə buna çox mənfi qiymət verirəm.

"Digər bir tərəfdən hesab edirəm ki, Azərbaycan müstəqil dövlət olaraq həm daxili, həm də daxili siyasətini uğurla həyata keçirir. Kimin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq Azərbaycan xalqının maraqlarına uyğun şəkildə öz dövlət siyasətini müəyyənləşdirir və onun kifayət qədər qətiyyətlə həyata keçirir. Hər hansı bir dövlətin Azərbaycanın həyata keçirdiyi siyasəti bəyənib-bəyənməməsindən asılı olmayaraq bu siyasət yürüdüləcək. Azərbaycan başqa dövlətlərin daxili işlərinə qarışmaq niyyətində olmadığı kimi, başqa bir dövlət də Azərbaycanın daxili işlərinə qarışmaq kimi mənasız, faydası olmayan işlə məşğul olmamalıdır. Biz İranla mehriban qonşuluq münasibətlərimizi qiymətləndiririk, bunu davam etdirmək fikrindəyik. Mən istərdim ki, İran tərəfi, KİV-ləri Azərbaycan xalqının qəlbinə toxunan, onu incidən, milli ruhuna toxuna biləcək fikirlərə yol verməsin. Mən inanmaq istəyirəm ki, İran tərəfi, rəhbərliyi bütün bunların hamısına diqqət verəcək, Azərbaycana hörmətlə yanaşacaq və bütün bu işlərə son qoyulacaq. Bütün bunları pisləyir və qonşuluq münasibətlərinə yaraşmayan iş hesab edirik. Bu bizim tarixi əlaqələrimizə yaraşmayan haldır. Mən inanıram ki, bu hala tezliklə son qoyulacaq".

Əli Əhmədov həmçinin, İran mətbuatında Dağlıq Qarabağın Ermənistanın ərazisi kimi göstərilməsi məsələsinə də münasibət bildirib. O vurğulayıb ki, İranın rəsmi dairələri Qarabağla bağlı dəfələrlə münasibətlərini, o cümlədən Dağlıq Qarabağın Azərbaycanın ərazisi olması haqqında mövqelərini bildirib. Sədr müavinin sözlərinə görə, İranda fəaliyyət göstərən saytlar, mətbuat, bütövlükdə təbliğat vasitələri ölkənin dəfələrlə bəyan etdiyi rəsmi mövqeyinə əks olan fəaliyyət göstərməkdədirlər: "Əksinə onlar da İranın rəsmi mövqeyini əks etdirən fikirlər səsləndirilməlidir. Əgər bizə qonşu olan İranda kimlərsə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı Azərbaycandan ayırmaq və yaxud Ermənistanın tərkibindəki bir ərazi kimi göstərmək istəyirsə, biz bunu qətiyyətlə pisləyirik. İlk növbədə hesab edirəm ki, İran rəsmi dairələri buna öz münasibətlərini bildirməli, saytın yarıtmaz fəaliyyəti barədə addımlar atmalıdır. Digər tərəfdən isə Azərbaycan vətəndaşları olaraq qonşumuzun belə hərəkət etməsinə öz etirazımızı bildiririk".

Bütün xəbərlər Facebook səhifəmizdə