"5-ci kolon"un məqsədi əldə olunan uğurlara kölgə salmaqdır" RƏY-ÖZƏL

“Xarici anti-Azərbaycan qüvvələrin və daxildəki “5-ci kolon”un növbəti çirkin kampaniyası onların sifariş yerinə yetirdiklərini göstərir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, Azərbaycanda baş verən hadisələrin oxşarı dünya ölkələrində də baş verir: “Amma heç bir ölkədə izdəki kimi məqsədyönlü təbliğat həyata keçirmirlər. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanda özlərini radikal müxalif qrupları adlandıran qüvvələr müəyyən sifarişlərin icraçısıdırlar və məqsəd ölkədə siyasi sabitliyi pozmaq, inkişafı ləngitmək, əldə olunan uğurlara kölgə salmaqdır”.

A. Badamov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin iqtisadi gücü artır, əhalinin sosial rifahı yüksəlir, ölkəmiz beynəlxalq arenada söz sahibinə çevrilir: “Bundan ciddi narahat olan həmin qüvvələr ölkəmizə, onun rəhbərliyinə qarşı növbəti qarayaxma kampaniyası həyata keçirməyə cəhd edirlər. Azərbaycanda baş verən hadisələr bütün dünyada baş verir. Lakin başqa ölkələrdə baş verən hadisələr bəzi qüvvələr tərəfindən Azərbaycandakı kimi şişirdilmir, hakimiyyət əleyhinə yönəldilmir”.

Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin xalqın maraqlarına xidmət etdiyini deyən deputat qeyd edib ki, ölkədə əldə olunan bütün uğurlar xalqa istiqamətlənib: “Azərbaycanda mövcud olan xalq-iqtidar birliyinə kənardan müdaxilə etmək istəyənlərin olsa da, bu birlik gündən-günə daha da güclənir. Azərbaycan xalqı Prezident İlham Əliyevə böyük etimad göstərir, rəğbət bəsləyir, onun siyasətini tam dəstəkləyir. “Opinion Way” şirkətinin bu yaxınlarda keçirdiyi sorğu bunu bir daha təsdiq etdi”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə