Yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Statoil ASA" şirkətinin prezidenti və baş icraçı direktoru Helge Lund ilə görüşüb.
SİA-nın xəbərinə görə, "Statoil ASA" şirkətinin prezidenti və baş icraçı direktoru Helge Lund Azərbaycan ilə rəhbərlik etdiyi şirkətin uzun illərdir uğurlu əməkdaşlıq həyata keçirməsini vurğulayaraq, bu əməkdaşlığın dərinləşməsi işinə Azərbaycan Prezidentinin şəxsən verdiyi töhfəni yüksək qiymətləndirdi.
"Azərbaycan ilə əməkdaşlıq bizim strategiyamızın ən prioritet sahələrindən biridir",- deyən Helge Lund ölkəmizlə əməkdaşlığa böyük önəm verdiklərini bildirdi.
İlham Əliyev Azərbaycan ilə "Statoil" arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq əmin olduğunu bildirdi ki, bu əməkdaşlıq bundan sonra da inkişaf edəcəkdir.
Azərbaycan Prezident "Statoil"in "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun istismarındakı iştirakını və Azərbaycana investisiya qoyuluşu istiqamətində həyata keçirdiyi işləri yüksək qiymətləndirdi.
Görüşdə Azərbaycan ilə "Statoil" şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Sonra Prezident İlham Əliyev Davosda "Huawei Technologies" Korporasiyasının sədri xanım Sun Yafanq ilə görüşmüşdür.
"Huawei Technologies" Korporasiyasının sədri xanım Sun Yafanq rəhbərlik etdiyi şirkətin Azərbaycan ilə uzunmüddətli əməkdaşlıqda maraqlı olduğunu bildirdi.
Qeyd etdi ki, bu şirkət hazırda Azərbaycan ilə müəyyən sahələrdə fəal əməkdaşlıq qurmuşdur. O, mobil rabitə, internet və informasiya-kommunikasiya texnologiyaları sahəsində "Huawei Technologies" Korporasiyasının Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu bildirdi.
Azərbaycanın Dövlət başçısı şirkətin Azərbaycan ilə fəal işləməsindən və sonuncu "Bakutel" sərgisində də iştirak etməsindən məmnun olduğunu dedi. Prezident İlham Əliyev "Huawei Technologies" Korporasiyasının Azərbaycanda fəaliyyətini genişləndirəcəyinə ümidvar olduğunu bildirdi.
Həmin gün Azərbaycan Prezidenti "TeliaSonera Eurasia" şirkətinin prezidenti Tero Kivisaari ilə görüşüb.
Görüşdə "TeliaSonera Eurasia" şirkəti ilə Azərbaycan arasında fəal əməkdaşlığın qurulduğu və bu əməkdaşlığın daha da genişləndirilməsinin önəmi qeyd edildi. Tero Kivisaari onların Azərbaycandakı fəaliyyətini dəstəklədiyinə görə Prezident İlham Əliyevə minnətdarlıq etdi. Bildirildi ki, "TeliaSonera Eurasia" şirkəti Azərbaycanda əsasən informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa böyük önəm verir.
Görüşdə Azərbaycan ilə "TeliaSonera Eurasia" şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıldı.
Sonra İlham Əliyev Davosda "Edison" şirkətinin baş icraçı direktoru Umberto Kuadrino ilə görüşüb. Görüşdə "Edison" şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında əməkdaşlıq, "Cənub dəhlizi" və Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri layihələri ilə bağlı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB