Deputatlarımız Sankt-Peterburqa gedir

Deputatlarımız Sankt-Peterburqa gedir

Aprelin 17-də Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) tədbirlərində iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Əli Hüseynli, deputatlardan Xanlar Fətiyev, Adil Əliyev, Rasim Musabəyov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Sankt-Peterburqun Tavriya sarayında keçiriləcək MDB PA-nın Şura iclasında təşkilatı məsələlərlə yanaşı, quruma üzv ölkələrdə seçkilərin keçirilməsinin müşahidəsinin təşkili, Moldova və Ermənistanda keçirilmiş seçkilərdə beynəlxalq müşahidəçilərin iştirakı, 1941-1945-ci illər müharibəsində qələbənin 75 illiyinə hazırlıq, Antiterror fəaliyyətin hüquqi təminatı və digər məsələlər müzakirə olunacaq.

MDB PA-nın 49-cu plenar iclasının gündəliyinə İpoteka, Vəkil və vəkillik fəaliyyəti haqqında, Məhkəmə-ekspert fəaliyyəti, Vergi Məcəlləsi haqqında model qanun layihələrinin müzakirəsi və s. məsələlər daxil edilmişdir.
Burada beynəlxalq terrorizmə qarşı mübarizəyə dair konfransın keçirilməsi də nəzərdə tutulmuşdur.

Nümayəndə heyətimizin üzvləri MDB PA-nın daimi komitələrində plenar iclasda müzakirəyə çıxarılması nəzərdə tutulan məsələlər barədə öz fikirlərini bölüşəcək, qeyd və təkliflərini verəcəklər.

Milli Məclisin Sədri Oqtay Əsədovun səfər çərçivəsində MDB PA-nın tədbirlərində iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulmuşdur.

Səfər aprelin 19-da başa çatacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə