Qızıl Xaç Komitəsi Azərbaycanda əsirlikdə olan ermənilərlə görüşüb

Qızıl Xaç Komitəsi Azərbaycanda əsirlikdə olan ermənilərlə görüşüb

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisinin əməkdaşları Azərbaycanda əsirlikdə olan erməni hərbçiləri və yerli vətəndaşlarla görüşüblər. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu BQXK-nın erməni ofisinin mətbuat xidmətinin rəhbəri Aşot Astabaçyan deyib. O, qeyd edib ki, əsirlərin saxlanma şəraitinin monitorinqi keçirilib, onlarla təkbətək söhbət aparılıb: "Lakin danışıqların mahiyyəti haqqında məlumat verə bilmərəm. Eyni zamanda bildirmək istərdim ki, təmsil etdiyim qurum erməni əsrlərinin geri qaytarılmasında vasitəçi kimi həmişə çıxış etməyə hazırdır".

Xatırladaq ki, erməni hərbçiləri Qrant Markosyan, Alik Tevosyan və Artur Sarkisyan bu ilin fevralında Ağcabədi rayonunun Minaxorlu kəndi istiqamətində əsir düşüblər. Ohan Harutunyan və Gevorq Tomasyan ötən ilin mayında Goranboy rayonu ərazisində, Karen Arutyunyan isə iyulun 15-də Gədəbəy istiqamətində əsir götürülüblər. Belə ki, bütün hallarda erməni hərbçiləri cəbhə xəttini könüllü keçərək, təslim olublar.

Daha 5 erməni (Gevorkyan ailəsinin üzvləri) yanvarın 10-da Azərbaycana qaçıb. Ailə başçısı həyat yoldaşı və üç övladı ilə birlikdə öz maşını ilə cəbhə xəttini keçib.

Hazırda isə Ermənistanda iki Azərbaycanlı hərbi əsir var. Onlar Roman Hüseynov və Anar Hacıyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə